"Azərbaycan və Qazaxıstan arasında turizm əlaqələrinin inkişafı, qarşılıqlı səfərlərin artırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından birbaşa hava əlaqələrinin rolu getdikcə daha da artır".
Bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, oktyabrın 23-25-də Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə Qazaxıstanın Şımkənd şəhərinə təşkil edilən press-tur bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qiymətləndirilə bilər:

"Səfər zamanı Şımkəndin tarixi-mədəni abidələri, qədim irsi, şəhərin turizm infrastrukturu və ziyarət üçün maraq doğuran məkanları ilə tanış olduq. Bu təcrübə göstərir ki, Şımkənd Azərbaycan turistləri üçün yeni və perspektivli səyahət istiqamətinə çevrilə bilər. Eyni zamanda, Azərbaycanın turizm imkanlarının Qazaxıstanda tanıdılması ölkəmizə gələn turistlərin sayının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır".
Ekspert qeyd edib ki, AZAL-ın Bakı–Şımkənd marşrutu üzrə həftədə 3 dəfə birbaşa uçuş həyata keçirməsi iki ölkə arasında əlaqələrin daha rahat qurulmasına şərait yaradır:
"Birbaşa hava bağlantısı işgüzar səfərlərin asanlaşmasına, turizm şirkətləri arasında əməkdaşlığın genişlənməsinə və turistlərin səfər planlarını daha rahat təşkil etməsinə imkan verir.
Qazaxıstan vətəndaşları ilə apardığım söhbətlər zamanı Azərbaycanın turizm imkanlarına, xüsusilə də Naftalanın müalicə-sağlamlıq turizminə marağın olduğunu müşahidə etdim. Ölkəmizin təbii sərvətləri, müasir hotelləri, sağlamlıq mərkəzləri, zəngin mətbəxi və qonaqpərvərliyi Qazaxıstan turistləri üçün cəlbedici üstünlüklərdir. Bununla yanaşı, Bakı şəhəri, Qarabağ və Şərqi Zəngəzur, Şuşa, Qəbələ və digər bölgələrimizin turizm potensialının daha geniş təbliği də mühüm nəticələr verə bilər".
Mütəxəssis vurğulayıb ki, belə press-turların əhəmiyyəti yalnız turizm məkanlarının tanıdılması ilə məhdudlaşmır:
"Bu layihələr media, turizm şirkətləri, aviaşirkətlər və digər tərəfdaşlar arasında əlaqələrin möhkəmlənməsinə, yeni birgə layihələrin yaranmasına və iqtisadi əməkdaşlığın genişlənməsinə də xidmət edir.
Azərbaycan və Qazaxıstanın ortaq tarixi, mədəni yaxınlığı və türk dünyasına mənsubluğu bu əməkdaşlığın inkişafı üçün əlavə üstünlük yaradır. Hesab edirəm ki, nəqliyyat əlaqələrinin genişləndirilməsi və turizm imkanlarının qarşılıqlı tanıdılması hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək. Bu cür təşəbbüslər gələcəkdə turist mübadiləsinin artmasına, yeni biznes əlaqələrinin qurulmasına və türk dünyası xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək".
Pərviz


