Məşhur aktyor Elməddin Cəfərov son zamanlarda diqqətləri öz üzərinə çəkib.
Çünki komediya ustası gözlənilmədən sosial şəbəkələrə daxil olub. Uzun illərdir sosial şəbəkələrdən uzaq həyat yaşayan sənətçinin addımı maraqla qarşılanıb. Artıq onun paylaşdığı videolar xeyli insanlar tərəfindən izlənilir.
Bəs aktyorun bu sürpriz qərarına səbəb nədir?
Elməddin Cəfərov bu barədə Hit.az-a açıqlama verib. O sosial şəbəkələrə daxil olmaqla bağlı verdiyi qərarını belə izah edib:
“Əslində, həyata keçirməyi planlaşdırdığım yeni bir layihə var. Çox fərqli bir ideya düşünürəm. Konkret olaraq yeni layihəni məhz sosial şəbəkələrdə yayımlamaq niyyətindəyəm. Çünki onu televiziyada həyata keçirmək qeyri-mümkündür”.
Sevilən aktyor həmin layihədən də bəhs edib:
“Sosial şəbəkələr üçün nəzərdə tutduğum layihənin hər bölümü təxminən bir-iki dəqiqə davam edəcək. Təbii ki, televiziya yayımının öz qaydaları mövcuddur və orada verilişlər 30-45 dəqiqə uzunluğunda olmalıdır.
Mənim təqdim etdiyim layihə isə çox qısa formatdadır. Ona görə də bunu sosial şəbəkələrdə yayımlamaq lazımdır. Açığı deyim, müasir dövrlə ayaqlaşacaq bir layihə olacaq. Buna görə də sosial şəbəkələrə daxil olmağa qərar verdim”.
Elməddin Cəfərov yeni layihəsinin də uğurlu olacağını düşünür:
“Bu, sosial şəbəkə formatında yayımlanacaq mini serial olacaq. Son paylaşdığım videolardan sonra çox olmasa da səhifələrimdə aktivlik yaranmağa başlayıb. Hələlik geniş izləyici kütləm yoxdur, zaman keçdikcə izləyicilərimin sayının artacağına ümid edirəm”.
Elmir


