Almaniya Silahlı Qüvvələrinin elit xüsusi təyinatlı bölməsi KSK-nın hazırlıq istiqaməti dəyişdirilib. Əvvəllər əsasən qısamüddətli əməliyyatlar üçün nəzərdə tutulan bölmənin hərbçiləri indi Rusiya ilə mümkün uzunmüddətli müharibənin şərtlərinə uyğun təlimlər keçir.
HİT.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinə yaydığı məlumata görə, KSK döyüşçüləri tanklar, artilleriya, pilotsuz uçuş aparatları və radioelektron mübarizə vasitələrindən istifadə edən rəqibə qarşı əməliyyatlara hazırlaşırlar. Təlimlərə ekstremal soyuq şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi də daxildir.
1996-cı ildə yaradılan KSK indiyədək girovların azad edilməsi, terrorçulara qarşı əməliyyatlar və insanların xilas edilməsi kimi tapşırıqları yerinə yetirib. Bölmədə təxminən 1500 nəfər çalışır, onların yalnız üçdə biri xüsusi təyinatlı döyüşçülərdir. Ştat komplektləşməsi 70–80 faiz səviyyəsindədir. Bölmə rəhbərliyi yeni hərbi xidmətə çağırış sisteminin kadr çatışmazlığının aradan qaldırılmasına kömək edəcəyini düşünür.
“Bild”in yazdığına görə, bir neçə il əvvəl KSK-nın gələcəyi bir sıra qalmaqallara görə sual altında idi. Bu hadisələrdən sonra 2020-ci ildə bölmənin bir rotası ləğv edilmişdi. Hazırda isə rəhbərlik qayda pozuntularına qarşı daha sərt mövqe tutub və bu cür halların sayı əhəmiyyətli dərəcədə azalıb.
Almaniyanın xüsusi təyinatlı qüvvələrinin hazırlığındakı dəyişikliklər NATO ilə Rusiya arasında mümkün qarşıdurma ilə bağlı narahatlıqların artdığı bir dövrə təsadüf edir. Nəşrin məlumatında KSK-nın hazırlığının yenilənməsi Rusiyanın NATO-ya hücum edəcəyinin təsdiqi kimi təqdim edilmir.
Samir


