Ön cəbhədən şəfa cəbhəsinə - MÜSAHİBƏ

MÜSAHİBƏ
13:52 / 27.10.2026
116

Vətənə xidmətin müxtəlif yolları var. Kimi torpaqlarımızın müdafiəsi uğrunda ön cəbhədə mübarizə aparır, kimi isə insanların həyatını xilas etmək, sağlamlığını qorumaq üçün fədakarlıq göstərir. Elə insanlar da var ki, həyat yolları onları hər iki missiya ilə üz-üzə qoyur.

Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru, ixtisasca həkim-stomatoloq olan Aqil Məmmədov belə şəxslərdəndir. Aqil Məmmədovun həyat yolu iki Qarabağ müharibəsinin sınaqlarından keçib. Bu gün isə o, Vətənə xidmətini həkim kimi insanların sağlamlığının qorunmasına yönəldib Onun həyat yolu Vətən uğrunda mübarizənin fərqli mərhələlərini, müharibənin insan talelərində buraxdığı izləri və Zəfərdən sonra üzərinə düşən məsuliyyəti özündə birləşdirir.

Bu gün Xocalıda səhiyyə sahəsində fəaliyyətini davam etdirən Aqil Məmmədov üçün Vətənə xidmət insanların sağlamlığının qorunması, doğma torpaqlarda həyatın bərpasına töhfə vermək deməkdir.

Hit.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində Sehhet.info Aqil Məmmədovla müharibə xatirələri, həmin dövrdə həkimlərin üzərinə düşən məsuliyyət, azad olunmuş ərazilərdə səhiyyənin mövcud vəziyyəti və Zəfərin gələcək nəsillər üçün əhəmiyyəti barədə danışıb.

 

- Aqil müəllim, Birinci Qarabağ müharibəsində iştirak etmisiniz. Bu gün həmin illəri xatırlayanda yaddaşınızda ən çox hansı hadisə canlanır?

- Birinci Qarabağ müharibəsində cəbhənin Şuşa Ağdam Tərtər bölgələrində könüllü olaraq iştirak etmişəm.Həmin dövrdə vahid komandanlıq olmadığı üçün ordu öz başınalığı və şəxsi ambisiyaları hesabına torpaqlarımız erməni rus hərbi birləşmələri tərəfindən işğal olundu. Vətənpərvər igid oğullarımız düşmən üzərinə əliyalın gedərək ölümün üzünə dik baxırdılar belə hadisələrdən biri heç zaman yadımdan çıxmayacaq olan Mərgüşavan istiqamətində gedən döyüşlərdə döyüş yoldaşımızın sinəsindən yaralanmasına baxmayaraq Qarabağ şikəstəsi oxuya -oxuya əlində partlayıcı maddə ilə düşmən tankının altına özünü atması və tankı partlaması və heç zaman silinməyən xatirədir. Belə acılı şirinli xatirələr çoxdur.

 

- 2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə yanaşı, COVID-19 pandemiyası da davam edirdi. Həm müharibə, həm də pandemiya ilə mübarizə tibb işçiləri üçün nə dərəcədə çətin idi?

- 2020 ci ildə Vətən Müharibəsi ilə yanaşı COVİD 19 Pandemiyası ilə mübarizə aparırdıq. Bizim xəstəxana cəbhə bölgəsində olduğu üçün daha çətin və ağır günlər yaşayırdıq. Gün ərzində yüzlərlə yaralılara ilkin tibbi yardım göstərib ixtisaslı müalicə üçün lazım olan xəstəxanalara təxliyyə edirdik. Və eyni zamanda döyüş bölgəsində olan yaralıların təxliyyəsi, ŞƏHİD olanların götürülüb hazırlanıb lazımı yerlərə çatdırılmasını həyata keçirirdik. Kiçik bir heyətlə bu proseslərlə bərabər həm hərbiçilərimizin həmdə mülki əhalinin COVİD-19 infeksiyasına yoluxmaması üçün tədbirləri görərək yoluxanlara düzgün xidmət olunmasını, təxliyyəsini təşkil edirdim. Çətin olsa da gecə-gündüz hər iki cəbhədə fədakarcasına döyüşdük. Çox şükürlər olsun ki, xəstəxanamıza gətirilən yüzlərlə yaralı əsgər və zabitimizdən ölən olmadı. Çünki bütün heyətlə var gücümüzlə çalışırdıq. Eyni zamanda, gördüyümüz işlərin nəticəsi olduki COVİD 19-dan da dünyasını dəyişən olmadı.

 

- İkinci Qarabağ müharibəsi və pandemiya dövründə siz hansı bölgədə fəaliyyət göstərirdiniz? Həmin günlərdən yadınızda qalan xüsusi bir hadisə varmı?

- Mənim rəhbərlik etdiyim Xocalı rayon Mərkəzi Xəstəxanası Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 2004 cü ildən fəaliyyət göstərir. 2-ci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə ən yaxın tibb müəsisəsi olaraq hərbi səhra hospitalı kimi fəaliyyət göstərmişik. Düşmənlə olan hava məsafəmiz 300 metrə yaxın idi. Hər gün xəstəxana və ətraf ərazilər düşmənin atdığı minamiyot mərmiləri və iriçaplı güllələrlə bərabər top atəşlərinə məruz qalırdıq. Ona görədə biz xəstəxananın zirzəmisində fəaliyyət göstərməyə məcbur idik. Onuda qeyd edim ki, müharibədən 1 ay əvvəl 590 kv.metrlik zirzəmini yüksək səviyyədə təmir edib ehtiyat su mənbəyi və işıq generatoru ilə təchiz etmişdim.

Müharibədən yadda qalan o qədər xatirələr varki dastanlara sığmaz. Heç unutmadığım bir yaralı əsgərimiz var idi. Sol ayağını piada əleyhinə mina dağıtmışdı. Ona ilk tibbi yardım göstərib göndərdim Gəncə şəhərinə. Yolda həmin əsgər öz batalyonunun uşaqları ilə qarşılaşıb təcili yardım maşınından məcbur olaraq düşüb yoldaşlarına qoşulub ki, mənim bir ayağım olmasada görən gözlərim siyah tutan əllərim sağdır. Sonra bildimki həmin İxtiyar İlqar oğlu ŞƏHİD olub.

 

- Müharibə zamanı həkimlərin fəaliyyəti və üzərinə düşən məsuliyyət barədə nə deyə bilərsiniz? Həmin dövrdə tibb işçilərinin ən böyük çətinliyi nə idi?

- Müharibə dövründə bizim xəstəxanada həkim heyəti iki nəfər idik. Tibb bacılarımız 6 nəfər idi. Təbii ki, mülki həkim və tibb bacılarının döyüş bölgəsində hərbi yaralılarla işləməsi çətin idi. Mən özüm 1 Qarabağ müharibəsində olan təcrübəmdən istifadə edərək komandamı adaptasiya etməyi bacardım və gələn yaralılarımıza yüksək səviyyədə ilk tibbi yardım göstərərək lazım olan cərrahi əməliyyatlar edib təxliyyəsini təşkil edirdim. Müharibənin 5 günündən sonra bizə həkim və tibb bacılar dostlarımız köməyə gəldilər. Yenə də biz bir komanda olaraq hər bir çətinliyin öhtəsindən gəlməyi bacardıq.

 

- Bir vaxtlar Vətənin müdafiəsi uğrunda döyüşmüsünüz, bu gün isə həkim kimi insanlara xidmət edirsiniz. Bu iki missiya arasında hansı mənəvi bağlılığı görürsünüz?

- Vətənimizin müstəqilliyinin qazanılmasında minlərlə oğul və qızlarımız canından,yaşam hüququndan keçib. Bizim borcumuz bu Vətəni qoruyub, müstəqil dövlət olaraq gələcək nəsillərimizə ərməğan edək. Bəli, məndə çox qürurluyam ki, hər iki müharibədə azda olsa xidmət göstərmişəm.Bu gün həkim olaraq xalqımızın sağlamlığı keşiyində durmaqdan şərəf duyuram. Bu hissləri yaşayanlar daha gözəl anlayır məni

 

- Bu gün Xocalıda həkim kimi fəaliyyət göstərmək və insanların sağlamlığının qorunmasına töhfə vermək sizin üçün nə deməkdir?

- Artıq Xocalı azad və gündən günə həyat qaynayan bir şəhərdir. Allah bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət etsin. Qazilərimizə və bu gün sərhədlərimizdə əli tətikdə bizləri qoruyan əsgərlərimizə can sağlığı, Ali Baş komandanımıza qarşısına qoyduğu hədəflərə çatmağı arzulayıram. 2008 ci ildə Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın Xocalıya Ədalət kompaniyasına dəstək olaraq bir Xocalı Soyqrımının canlı şahidi kimi ölkəmizlə bərabər qardaş Türkiyənin bütün bölgələrində Unversitetlərdə, Ukrayna, Gürcüstanda tədbirlər keçirmişəm. Türkiyənin 7 şəhərində Xocalı Soyqrımı abidəsi və Qarabağ Türkiyə dostluq parkının lahiyyə rəhbəri olmuşam. Mənim üçün ən müqəddəs məkan hər qarışı-zərrəsi ŞƏHİD qanı ilə yoğrulmuş Xocalı şəhəridir. Bu gün o müqəddəs məkanda xidmət etmək həm məsuliyyətlidir həmdə qürurludur. Ali Baş komandanımızın uğurlu siyasəti nəticəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumlar içərisində bəlkədə ən birincisi bizim TƏBİB ailəsi oldu. Xocalı şəhəri işğaldan azad olunduqdan sonra İlkin Səhiyyə xidmətimizi yaratdıq. 2024 cü ilin oktyabrından Xocalı Həkim məntəqəsi Xocalı şəhərində, Ballıca həkim məntəqəsi Ballıca kəndində fəaliyyətə başlayaraq 32 ildən sonra yuduna qayıdan sakinlərimizə xidmət etməyə başladı. Təbii ki, 32 ildən sonra Xocalıda tibb xidməti göstərmək bizim üçün çox böyük məsuliyyət vəqürur hissi idi. TƏBİB ailəsi olaraq bu şərəfli peşəmizi yorulmadan davam etdiririk. Düzdür hər addım atdığında ehtiyatlı olmaq istəyirsənki bu torpağın hər zərrəsində Xocalı Soyqrımı zamanı ŞƏHİD olub itkin düşənlərimizin qanı və qalıqları var. Dövlətçiliyimə,Vətənimə və xalqıma olan təmənnasız xidmətlərim Cənab Prezidentimiz tərəfindən dəfələrlə qiymətləndirilib. Səhiyyə sahəsində olan xidmətlərim nəzərə alınaraq "Tərəqqi" medalı, Azərbaycan həqiqətlərini xarici dövlətlərdə laiqincə təmsil etdiyimə görə "Cümhuriyyət -100" Yubley medalı ilə təltif olunmuşam. 2024 cü il Parlament seçkilərində YAP tərəfindən 122 saylı Xankəndi dairəsindən deputatlığa namizəd olmuşam

 

- Aqil müəllim, işğaldan azad olunmuş ərazilərdə həkim çatışmazlığı varmı? Bu problemin həlli üçün hansı addımlar atılmalıdır?

- Bəli, işğaldan azad olunan ərazilərdə tibb müəsisələri fəaliyyətə başlayır. Artıq Laçın,Şuşa və Xocavənd şəhərində xəstəxanalar bütün gücü ilə fəaliyyətə başlayıb. Xocalı şəhərində əminik ki yaxın zamanda xəstəxana öz fəaliyyətinə başlayacaq. Ölkənin hər bir bölgəsində olduğu kimi Qarabağ bölgəsindədə həkim çatışmamazlığı var. Ancaq Cənab Prezidentimizin verdiyi sərəncama uyğun olaraq həkimlərin və tibb işçilərinin əmək haqlarının artırılması regionlara üz tutan həkimlərimizin sayını çoxaldıb. Ancaq yenədə bəzi ixtisas həkimlərimizə ehtiyac var. Mənə elə gəlir ki bu müqəddəs torpaqlarda çalışaraq xalqımızın sağlamlığı keşiyində durmaq hər bir tibb işçisinin şərəfli borcudur. Çünki ŞƏHİDLƏRİMİZ canını verdiyi bu torpaqlarda insanlayır yaşayaraq o torpaqlarda solmuş arzuların çiçəklənməsinə bizlərdə öz töhvəmizi verməliyik. Bu bizim vicdan borcumuzdur. Vətənə xidmətdə minnət olmamalıdır.

0