Dünya çempionu hansı olacaq: Argentina, yoxsa İspaniya?

İDMAN
16:00 / 17.07.2026
236

Artıq Dünya Çempionatının finalı üçün geriyə saymağa başlamışıq.

Üstəlik, dünya futbolunun iki böyük nəhəngi İspaniya və Argentinanın dünya çempionluğu üçün mübarizə aparacaq olması oyuna marağı kifayət qədər artırır. Həyəcanla gözlənilən matç 19 iyul saat 23:00-da başlayacaq. 


Bu möhtəşəm final sadəcə iki komandanın qarşıdurması deyil, həm də fərqli futbol fəlsəfələrinin, taktiki zəkanın və unudulmaz emosiyaların toqquşması olacaq. Hər iki komanda Dünya Çempionatının kubokunu başı üzərinə qaldırmaq və adını tarixə yazdırmaq üçün bütün gücünü ortaya qoyacaq. 

Bəs final matçının favoriti hansı ölkədir: Argentina, yoxsa İspaniya?

Mövzu ilə bağlı “CBC Sport” telekanalının və “Footcast TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlama verib.

O bildirib ki, həqiqətən Dünya Çempionatının finalının çox maraqlı olacağı gözlənilir:


“Argentina və İspaniya matçını finalların finalı da adlandırmaq olar. Çünki bir neçə ay bundan əvvəl də bu komandalar arasında oyun oynanılması gündəmdə idi. Daha dəqiq desək, Amerika qitəsinin qalibi ilə Avropanın qalibi arasında super final keçiriləcəkdi.

Lakin Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbi ilə bu matç təxirə salınmışdı. İndi isə taleyin ironiyasına baxın ki, Argentina ilə İspaniya artıq Dünya Çempionatının finalında üz-üzə gələcəklər”.

Ekspert komandalarla bağlı isə bunları deyib:
“İspaniya elə bir kollektivdir ki, daha çox topa sahib olduğu təqdirdə istənilən rəqibi məğlub etməyə qadirdir. Hətta Fransa ilə matçda rəqibə boş zona buraxmadılar. Xətlərarası məsafəni daraltdığı təqdirdə, daha çox topa sahib olur və rəqibdə qıcıq yaradır. Fransız futbolçularda da yaranan qıcığı matçda gördük.

Argentina isə öndə təzyiqi sevən, amma kollektiv müdafiə olunan kollektivdir. Üstəlik, Messinin topa sahib olması üçün hər cür cəhd göstərən oyunçu qrupundan ibarət bir kollektivdir”.

Elçin Cəfərovun finaldakı favoriti İspaniyadır:
“Məncə, burda baş məşqçilər Luis de la Fuente və Lionel Skaloninin taktiki gedişləri, oyun içərisindəki əvəzetmələri və müxtəlif planlara üz tutmaları görüşün taleyini həll edəcək. Yenə də belə maçtları uğurlu oynamağı bacaran hər iki kollektivin şansı çox yüksəkdir.

Lakin mən İspaniyanın daha çox topa sahib olduğu təqdirdə, dünyada məğlub edə bilməyəcəyi rəqibin olmadığını düşünürəm. Ona görə də mənim favoritim İspaniyadır”.

Elmir Mustafa

0