Transfer çalışmalarını davam etdirən "Qarabağ" heyətini tanınmış futbolçu ilə gücləndirə bilər.
Qaynarinfo Qvineya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi vaxtilə İngiltərənin "Liverpul" klubunda çıxış etmiş Nabi Keyta ilə maraqlanır. Xəbərdə bildirilir ki, tərəflər arasında ilkin danışıqlara artıq start verilib.
İddiaya əsasən, "Qarabağ" rəhbərliyi 31 yaşlı yarımmüdafiəçinin özü ilə yanaşı, onun hazırda müqavilə ilə bağlı olduğu Macarıstanın "Ferentsvaroş" klubu ilə də təmasdadır.
Qvineya millisinin üzvü olan Keyta bu ilin əvvəlindən "Ferentsvaroş"un şərəfini qoruyur. O, Budapeşt təmsilçisinin heyətində indiyədək 19 oyunda meydana çıxıb.
Qeyd edək ki, Nabi Keyta karyerası ərzində Qvineyanın "Horoya", Fransanın "İstres", Avstriyanın "Zalsburq", Almaniyanın "Leytspiq", "Verder", İngiltərənin "Liverpul" və Macarıstanın "Ferentsvaroş" klublarında çıxış edib. "Zalsburq" onu 2016-cı ildə 29,75 milyon avroya transfer edib və iki il sonra 60 milyon avroya "Liverpul"a satıb. Futbolçu "Liverpul"la İngiltərə çempionu, Federasiya Kuboku, Liqa Kuboku və Super Kubokun qalibi olub, 2018/19 mövsümündə Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb, 2021/22 mövsümündə Çempionlar Liqasında final oynayıb.
Nabi Keyta Qvineya yığmasında 58 oyun keçirərək, 12 qol vurub.

