Mayami Universitetinin alimləri sahilyanı bölgələrdə ciddi ekoloji problem yaradan tullantını iqlim dəyişikliyi ilə mübarizə vasitəsinə çevirməyə çalışırlar. Onlar sementin bir hissəsini yosunlardan əldə edilən biovüqillə əvəz etməyi təklif edirlər ki, beton sərtləşmə zamanı karbon qazını udub saxlasın.
HİT.az xəbər verir ki, bu barədə "ECOnews" yazır.
Qeyd edilir ki, sement qlobal karbon çirklənməsinin böyük hissəsinə görə məsul olan ən problemli materiallardan biridir. Nəşr xatırladır ki, sement qum və çınqılı birləşdirən “yapışdırıcı” rolunu oynayır. Onun istehsalı yüksək temperatur tələb edir və əhəngdaşının kimyəvi çevrilməsi nəticəsində karbon qazı emissiyaları ilə müşayiət olunur.
Alimlər bildirirlər ki, onlar Cənubi Floridada yetişdirilən yosunlardan istifadə edərək onları biovüqilə çevirirlər. Bu material od kömürü (kömürə bənzər) strukturda olur və sement qarışıqlarına əlavə edilə bilir. Məqsəd isə real istismar tələblərinə cavab verən qarışıq əldə etməkdir.
Biovüqil biokütlənin oksigenin az olduğu şəraitdə emalı nəticəsində alınan, karbonla zəngin və məsaməli bir materialdır. Mütəxəssislərin sözlərinə görə, Floridada yosunların çoxalması ciddi ekoloji problem və tullantıların utilizasiyası çətinliyi yaradır. Buna görə də yosunların xammal kimi istifadəsi həm tullantı, həm də emissiya problemini eyni vaxtda həll edə bilər.
Yeni alternativin yaradılmasında əsas çətinlik yüksək möhkəmlik və uzunömürlülüyə malik material əldə etməkdir. Komandanın yanaşması biovüqilin “funksionallaşdırılması”na, yəni onun səthinin kimyəvi emal edilərək sementlə daha yaxşı birləşməsinə yönəlib.
Alimlər bildirirlər ki, ənənəvi biovüqil adətən sementin yalnız təxminən 10 faizini əvəz edə bilir, bundan sonra möhkəmlik və dayanıqlıq azalır. Tədqiqatçılar isə kimyəvi emal və əvvəlcədən karbonlaşdırma hesabına bu göstəricini 20–30 faizə çatdırmağı hədəfləyirlər.
Sementin əvəzlənməsi ilə yanaşı, tədqiqatçılar karbonla sərtləşmə üsullarını da sınaqdan keçirirlər. Bu yanaşmada təzə beton karbon qazına məruz qalır və qaz daha sabit mineral formalara çevrilərək materialın tərkibində saxlanılır. Sadə dillə desək, beton sərtləşmə mərhələsində karbon qazını “udmağa” məcbur edilir.
Son rəyli elmi işlərdə sürətləndirilmiş karbonlaşma üsulları, o cümlədən sement məhluluna karbon qazının yeridilməsi kimi metodlar araşdırılıb. Bir tədqiqatda eksperimental şəraitdə karbon qazının 45 faizə qədər tutulması və eyni zamanda betonun möhkəmliyinin qorunması qeydə alınıb.
Yeni layihə biovüqilin əvvəlcədən karbonlaşdırılmasını da sınaqdan keçirir. Material elə işlənir ki, o, daxili karbon anbarı kimi davranaraq karbon qazını tutub gedişat zamanı kalsium karbonat formasında bərk halda saxlasın.
Samir

