Stendal sindromu necə yaranır?

SAĞLAMLIQ
13:00 / 17.04.2026
124

“Qeyri-adi psixoloji sindromlardan biri də Stendal sindromudur”.

Bu sözləri klinik psxioloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu insanların sənət əsərlərinin gözəlliyi qarşısında ürək döyüntüləri artır, başları gicəllənir və hallüsinasiyalar görürlər:


“Bunun yaranmasının əsas səbəbi insanın estetik stimullara qarşı yüksək emosional həssaslığı və beynin emosional mərkəzlərinin həddindən artıq aktivləşməsidir. Belə insanlar gözəlliyi sadəcə vizual olaraq deyil, dərin psixoloji və emosional səviyyədə qəbul edir, nəticədə sinir sistemi bu intensiv yüklənməni idarə etməkdə çətinlik çəkir. Bu sindrom xüsusilə empati qabiliyyəti yüksək, daxili dünyası zəngin, emosiyalarını dərindən yaşayan və bəzən də idealizmə meylli olan şəxslərdə daha çox müşahidə olunur”.

Ekspert qeyd edib ki, keçmişdə yaşanmış travmalar, basdırılməş hisslər və ya həll olunmamış daxili konfliktlər sənət əsərləri vasitəsilə aktivləşərək reaksiyanı daha da gücləndirə bilər:
“Yəni səbəb təkcə sənətin gücü deyil, eyni zamanda insanın daxili psixoloji strukturu və emosional yükləridir. Bu sindromdan əziyyət çəkən insanların psixologiyası adətən yüksək həssaslıq, güclü təsəvvür qabiliyyəti və emosional dərinliklə xarakterizə olunur. Onlar gözəllik qarşısında daha tez təsirlənir, detallara daha çox fokuslanır və yaşadıqları hissləri bədən səviyyəsində də intensiv şəkildə hiss edirlər. Bəzən həmin insanlar reallıqla emosional təcrübə arasındakı sərhədi qısa müddətlik zəif hiss edə bilirlər. Bu da başgicəllənmə və ya qəribə hisslər kimi özünü göstərir”.

Psixoloq stendal sindromundan xilas yolları barədə də danışıb:
“Bu vəziyyətdən xilas olmaq və ya onu idarə etmək üçün əsas məqsəd sinir sistemini stabilləşdirmək və emosional yüklənmənin qarşısını almaqdır. Təbii ki, mütəxəssis dəstəyi önəmlidir. Həmin şəxslər özlərində baş verən bu sindromu tək özləri atlata bilməz. Bunun üçün nəfəs texnikalarından istifadə etmək, diqqəti real mühitə yönəltmək və bədəni “burada və indi”yə qaytaran grounding üsullarını tətbiq etmək effektivdir”.

Mütəxəssis vurğulayıb ki, sənət əsərlərinə uzun müddət fasiləsiz məruz qalmamaq, arada fasilələr vermək və öz emosional limitlərini tanımaq da vacibdir:
“Əgər reaksiyalar tez-tez təkrarlanırsa və narahatlıq yaradırsa, psixoloji dəstək almaq məqsədəuyğundur. Çünki bu halda məsələ sadəcə estetik təsir deyil, daha dərin emosional proseslərlə bağlı ola bilər. Bu yanaşma ilə insan həm öz həssaslığını qoruyur, həm də onu idarə etməyi öyrənir”.

Pərviz
 

0