“ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə İsrail və Livan arasında əldə olunan 10 günlük atəşkəs razılaşması regionda uzun müddətdir davam edən qarşıdurma fonunda mühüm diplomatik uğur kimi dəyərləndirilə bilər”.
Bu sözləri Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu razılaşma tərəflər arasında etimad mühitinin formalaşdırılması istiqamətində atılmış vacib addımdır:
“Son 30 ildən artıq dövrdə yüksək səviyyəli birbaşa təmasların demək olar ki, olmaması fonunda bu dialoq yeni siyasi mərhələnin başlanğıcı kimi çıxış edir. Atəşkəsin cəmi 10 gün müddətini əhatə etməsi isə onu göstərir ki, tərəflər hələlik tammiqyaslı sülhə deyil, daha çox situativ sabitliyə üstünlük verirlər. Bu, həm də regiondakı mürəkkəb geosiyasi reallıqların və qarşılıqlı inamsızlığın hələ də qalmaqda davam etdiyini göstərir”.

Ekspert qeyd edib ki, bu prosesdə ABŞ-nin vasitəçilik rolu bir daha ön plana çıxır:
“Vaşinqtonun aktiv iştirakı olmadan belə bir razılaşmanın əldə olunması çətin görünürdü. Bu isə ABŞ-nin Yaxın Şərq siyasətində təsir imkanlarının hələ də yüksək səviyyədə qaldığını nümayiş etdirir. Həmçinin, atəşkəsin davamlı olub-olmayacağı əsas sual olaraq qalır. Əgər tərəflər bu 10 günlük müddəti düzgün qiymətləndirərək siyasi dialoqu genişləndirə bilsələr, bu, daha uzunmüddətli sülh danışıqlarına zəmin yarada bilər”.
Onun sözlərinə görə, əks halda isə bu razılaşma yalnız qısa fasilə xarakteri daşıyacaq:
“Hesab edirəm ki, əldə olunan atəşkəs razılaşması müsbət siqnal olsa da, onu hələlik dayanıqlı sülh kimi deyil, daha çox diplomatik imkan pəncərəsi kimi qiymətləndirmək daha doğru olar”.
Günel Cəlilova


