Ağrı hissi yaranan kimi bir çox insanın ilk əl atdığı vasitə dərman olur.
Təəssüf ki, həm uşaqlarda, həm də böyüklərdə bu yanaşma artıq vərdiş halını alıb. Hətta ən kiçik narahatlıqda belə ağrıkəsiciyə üz tutulur. Lakin bu preparatlar qısa müddətdə rahatlıq versə də, onların nəzarətsiz və tez-tez qəbulu orqanizm üçün zərərsiz deyil. Əksər hallarda insanlar yalnız ağrının keçməsinə fokuslanır, ancaq bu dərmanların arxa planda yarada biləcəyi riskləri nəzərə almır.
Bəs ağrıkəsicilərin normadan artıq istifadəsi sağlamlıq üçün hansı təhlükələri yarada bilər?
Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, ağrı hissi ilə qarşılaşan kimi dərmana üz tutmaq bir çox insan üçün adi davranışa çevrilib:

“Halbuki hər ağrının eyni səbəbi və eyni müalicə üsulu olmur. Həkim müdaxiləsi olmadan qəbul edilən ağrıkəsicilər bəzən problemi aradan qaldırmaq əvəzinə, onu daha da dərinləşdirə bilər. Xüsusilə sinir mənşəli ağrılarda bu cür dərmanlar təsirsiz qalır, hətta narahatlığı artırmaq riski daşıyır. Sadəcə zədə və ya fiziki təsir nəticəsində yaranan ağrılarda bu preparatların istifadəsi müəyyən hallarda uyğun hesab oluna bilər”.
Həkim vurğulayıb ki, dərman nəzarətsiz və istənilən miqdarda qəbul edilməməlidir:
“Normadan artıq istifadə orqanizmə ciddi ziyan vura bilər. Unutmaq olmaz ki, geniş yayılmış və tez-tez istifadə edilən ağrıkəsicilər düzgün tətbiq olunmadıqda sağlamlıq üçün ən çox risk yaradan vasitələrdən birinə çevrilə bilər”.
Günel Cəlilova

