Toy adətlərini sadələşdirmək olar?

SOSİAL
20:30 / 17.04.2026
45

Elimizin toy kimi gözəl bir adəti var. Lakin bu adətlər cütlüklərə sözün əsl mənasında “toy” tutur. 

Elçilikdən toya kimi bəy-gəlin müəyyən sınaqlardan keçməli olur. Ailə qurmaq ənənəvi mərasimlər silsiləsi ilə müşayiət olunur və bu yol ilk olaraq tanışlıq və razılıq mərhələsi ilə başlanır. Bu mərhələdə oğlan tərəfi müəyyən qaydalara uyğun şəkildə qız evinə üz tutur, əvvəlcə xanımlar, daha sonra isə kişilər ailənin fikrini öyrənmək və rəsmi razılıq almaq üçün görüş keçirirlər.

Bu razılaşmadan sonra münasibətlər yeni mərhələyə qədəm qoyur və nişan mərasimi təşkil olunur. Ardınca isə müxtəlif adət-ənənələr bir-birini izləyir, bayram günlərində payların aparılması, evin xüsusi şəkildə hazırlanması, qız evində keçirilən şənliklər, xına mərasimi, ənənəvi axşam yığıncaqları və nəhayət, oğlan evində təşkil olunan toy mərasimi ilə bu proses yekunlaşır.

Müasir dövrdə bu adət-ənənələrin tam şəkildə icrası bir çox ailə üçün ciddi maliyyə yükünə çevrilir. Hamıya məlumdur ki, həm oğlan, həm də qız tərəfi toy mərasiminə qədər olan bütün mərhələləri həyata keçirmək üçün xeyli vəsait sərf etməli olur. Elçilikdən başlayaraq nişan, müxtəlif mərasimlər və toy gününə qədər davam edən bu proses hər iki ailənin büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bəs bu qədər xərc tələb edən mərasimlərin hamısını eyni qaydada və geniş şəkildə icra etmək nə dərəcədə zəruridir? 

Bu sual getdikcə daha çox aktuallaşır. Bəlkə də ənənələrin müəyyən hissəsini sadələşdirmək, artıq xərclərdən imtina etmək daha məqsədəuyğun olardı. Bu halda yığılan vəsaitlərin gənc ailənin gələcək həyatına yönəldilməsi – məsələn, onların mənzil şəraitinin yaxşılaşdırılması və ya digər ehtiyaclarının qarşılanması daha real və faydalı dəstək ola bilər.

Günel Cəlilova

0