İnsan bəzən səhv etdiyini bildiyi halda yenə də eyni yolu seçir.
Kənardan baxanda qərarsızlıq və ya məsuliyyətsizlik kimi görünsə də bunun arxasında daha dərin psixoloji səbəblər dayanır. Bu davranış sadəcə iradə zəifliyi deyil, çox vaxt insanın emosiyaları, keçmiş təcrübələri və özünü qoruma düşüncəsi ilə bağlı olur. Tanış olan yol bəzən təhlükəsiz hiss etdirə bilər. Məhz bu səbəbdən də bəzi insanlar səhvin fərqində ola-ola ondan uzaqlaşmaqda çətinlik çəkir və eyni seçimləri dəfələrlə təkrarlayırlar.
Bəs dəfələrlə eyni səhv qərarın alınmasına səbəb nədir?
Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında bildirib ki, insanın səhv olduğu halda eyni seçimə qayıtması iradə zəifliyi yox, beynin tanış olan seçimi yenidən etməsidir:
“Əslində, insan çoxumuzun düşündüyü qədər hər zaman rasional ola və ya da rasional qərarlar verə bilmir. Tez-tez səhv olduğunu bilə-bilə eyni nöqtəyə qayıdırıq. Lakin buna iradəsizlik deyə bilmərik. Bu, sadəcə olaraq beynin işləmə mexanizmindən asılıdır. Məsələyə neyro format üzərindən baxsaq, beyində prefrontal korteksin məntiqli qərar verən mərkəzi olduğunu görərik”.
Onun sözlərinə görə, digəri isə vərdiş mərkəzi adlanır:
“Vərdiş döngəsi insanda dopamin hormonunu aktiv şəkildə inkişaf etdirir. Məsələn, həmin hissə beynimizin enerji qənaətini təmin edir və bir hərəkəti dəfələrlə təkrar etdikdə beyin bunu avtomatik olaraq vərdiş halına gətirir. Hətta, o seçim bizə zərər verirsə belə, tanış olduğuna görə beyin tərəfindən təhlükəsiz olaraq seçilir və az enerji tələb edir. Yanlış olduğunu bilə-bilə o halı qəbul edirik. Hər dəfə də eyni seçimi edəndə beyin az miqdarda dopamin ifraz edir, çünki orada bir bilinməzlik yoxdur".
Həmsöhbətimiz vurğulayıb ki, belə qərarların verilməsi böyüklərlə yanaşı, uşaqlarda da baş verir:
“Belə olduğu halda, amiqdala aktivləşir və biz tanış hadisə də pis olsa da, eyni seçimi seçirik. Uşaqlarda da həmin amiqdala inkişaf edir. Məsələn, nə qədər, ona “etmə” desək də o edir. Lakin beyində qorxu mərkəzi olduğuna görə, bunu instinktivlik olaraq dəyərləndiririk ki, çünki o onsuz da özünü qoruyacaq. Refleks baxımından əlinə hər hansısa isti bir əşya toxunsa geri çəkiləcək, lakin təkrar eyni hərəkəti edə bilər. Digər məsələ isə psixoloji tərəfdən komfort zonaya artıq çevrilir, həmin vərdiş halına gətirilən mərkəzə psixoloji aspektdən baxdıqda insan özündə təkrar etmə məcburiyyəti bilir”.
Mütəxəssis diqqətə çatdırıb ki, bu bir neçə faktoru özündə əsaslandırır:
“Yəni insan fizikasına tanış ağrı naməlum xoşbəxtlikdən daha təhlükəsiz hiss olunur. Həmçinin, keçmişi düzəltmək də bura aid ola bilər. Keçmişdə yaşanılan müəyyən travma uğursuzluğunun eyni şəraitdə yenidən canlanma ehtimalı var. Bəlkə bu dəfə tamam fərqli olducağını düşünürük. Düzdür, eyni metodlarla fərqli nəticələr almaq mümkündür, lakin fərqli metodla da eyni nəticə görmək olur”.
Aydan Məmmədova qeyd edib ki, inancların qorunması da burada önəmli rol oynayır:
“Psixoloji tərəfdən koqnitiv dissonansın da müəyyən təsirləri var. Burada özümüz haqqında inanclarımızı hələ də “ümid var” deyərək qorumağa çalışırıq. Təbii ki, hər zaman bir ümid var, amma yanlış addım atırıqsa, o ümidi də özümüz məhv etmiş oluruq. Əgər insan daim “bədbəxtəm, uğursuzam” kimi sözlər desə, bu zaman şüuraltı olaraq da inancını təsdiqləyən səhvi etmiş olacaq.
İnsan olaraq beyində dəyişməyi bacarmalıyıq. Hər yeni və doğru seçimin beyində yeni bir neyron yolu açdığını unutmamalıyıq. Səhvlərin təkrarı bir xarakterin qüsuru deyil, burada özümüzü günahlandırmamalıyıq. Sadəcə olaraq, beynimizin funksiyasını dərk etdiyimiz zaman həmin mexanizmlə dəyişə bilirik. Bu səbəbdən də onu idarə etməyi bacarmalıyıq”.
Arzu İbrəhimova



