Şimali Koreyanın KN-23 və KN-24 raketləri 50 il əvvəlki texnoloji yanaşmalarla hazırlanıb.
HİT.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri Ukrayna Müdafiə Nazirliyinə istinadla yazıb.
Məlumata görə, analiz üçün 2024-cü ilin əvvəlində Rusiya tərəfindən Ukraynaya atılan KN-23 və KN-24 raketləri araşdırılıb. Nəticələr göstərib ki, bu raketlər Rusiya analoqlarına bənzəsə də, daha az enerji səmərəli yanacaqdan və daha böyük ölçülü mühərriklərdən istifadə edir, lakin eyni uçuş məsafəsini təmin edir.
Həmçinin raketlərin lehimləmə keyfiyyəti və istilikdən qorunmaq üçün qrafitlə örtülmüş başlıqları qeyd olunur. Bu həllin nisbətən ucuz olduğu bildirilir.
KN-23 raketi ilk dəfə 2018-ci ildə Şimali Koreya hərbi paradında təqdim olunub və qismən Rusiya “İskander-M” sistemi ilə müqayisə edilir. KN-24 isə bir il sonra təqdim edilib və ABŞ-ın ATACMS taktiki raket sisteminə bənzədiyi qeyd olunur.
Eyni zamanda, bu raketlərdə “aparıcı beynəlxalq brendlərə məxsus mülki komponentlər” aşkar edilib ki, bu da Şimali Koreyanın sanksiyalardan yayınmağa çalışdığını göstərir. 2024-cü ildə Ukrayna GUR-u da Şimali Koreya raketlərində Çin, Yaponiya, İsveçrə, Böyük Britaniya və ABŞ istehsalı komponentlər tapıldığını bildirmişdi.
Samir


