Şuşa Qlobal Media Forumu – “Əsas platformalardan birinə çevriləcək”

MEDİA
13:22 / 15.07.2026
332

“Şuşa Qlobal Media Forumu Azərbaycanın təşkil etdiyi nüfuzlu beynəlxalq tədbirlərdən biri mərhələsini çoxdan keçib”.

Bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu Forum müasir dövrdə qlobal informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyaların inkişafı, media diplomatiyası istiqamətində aparılan mühüm müzakirələrindən biridir: 


“IV Şuşa Qlobal Media Forumu ilə bir daha dünyaya mesaj verildi ki, Azərbaycan təkcə beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə yox, eyni zamanda qlobal informasiya gündəliyinin formalaşmasına fundamental rolu olan aktorlardan biridir. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən bu Forum xüsusi əhəmiyyət daşıyır”.

Ekspert qeyd edib ki, müasir dünyada əsas problemlərdən biri həqiqətin müxtəlif yanaşma sərgilənən informasiya bolluğu içərisində öz yerini qoruya bilməməsidir: 
“Süni intellektin inkişafı, “deepfake” məhsullarının sürətlə yayılması, sosial media platformalarının alqoritmik təsiri və dezinformasiyanın qlobal xarakter alması jurnalistikanın, medianın məsuliyyətini daha da artırır. 

Prezident İlham Əliyevin tədbir iştirakçıları ilə açıq dialoq formatında keçirdiyi görüş artıq Şuşa Forumunun ən mühüm ənənələrindən biridir. Cənab Prezident forum iştirakçısı olan jurnalistlərin müxtəlif mövzularla bağlı suallarını cavablandırmaqla Azərbaycanın regional və qlobal məsələlərə yanaşmasını birbaşa beynəlxalq auditoriyaya bir daha bəyan etdi. Bu yanaşma şəffaf kommunikasiya modelidir. Bunu bizim informasiya diplomatiyamızın əsas elementlərindən biri hesab etmək olar”.

Rəfail Becanov vurğulayıb ki, əsas məsələlərdən biri də sülh gündəliyi idi:
“Prezidentin mesajlarında xüsusi qeyd olunurdu ki, davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, həm də qarşılıqlı etimadın formalaşdırılmasından keçir. Bu etimadın formalaşmasında isə medianın rolu böyükdür. Forum çərçivəsində keçirilən keçirilən “Media və süni intellekt”, “Dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq”, “Media diplomatiyası”, “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti” və “Etimadın bərpasında medianın rolu” kimi panellər vahid strateji xəttin tərkib hissəsi idi. 

Ona görə ki, informasiya təhlükəsizliyi artıq geniş mənada baxılmalı bir məsələdir. Bu, milli təhlükəsizlik, ictimai sabitlik, demokratik institutların dayanıqlılığı və beynəlxalq münasibətlərin gələcəyi ilə birbaşa əlaqəlidir. Şuşada keçirilən müzakirələr də məhz bu reallıqdan irəli gəlirdi. Forum eyni zamanda onu da göstərdi ki, gələcəyin mediası təkcə operativ deyil, həm də etibarlı olmalıdır”.

Baş redaktorun sözlərinə görə, Şuşa Forumunun uğurlarından biri də müzakirəyə açıq olmasıdır:
“Bu platformada əsas hədəfi müzakirə və ortaq həll yollarının axtarılmasıdır. Bu Forum yaxın gələcəkdə qlobal informasiya təhlükəsizliyi üçün əsas platformalardan birinə çevriləcək. Davos İqtisadi Forumu dünya iqtisadiyyatı üçün hansı rol oynayırsa, Şuşa Qlobal Media Froumu da media və informasiya təhlükəsizliyi üçün həmin statusa malik olacaq.

Forumun miqyası da bunu təsdiqləyir. Tədbirdə 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyi, 60-dan çox media qurumu və 10 beynəlxalq təşkilat iştirak edib. Əlbəttə ki, bunlar böyük rəqəmlərdir. Bu göstərir ki, Şuşa artıq qlobal informasiya məkanının diqqət mərkəzində olan ünvandır. Forumda 4 ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Bu isə dinamikadır”.

Elmir Mustafa

0