“Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq əlaqələri əsrlərdən gələn möhkəm təməllərə əsaslanır”.
Bu sözləri Azad Vətən Partiyasının sədr müavini, siyasi ekspert Afiq Axundov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, tarix boyu hər iki xalq çətin sınaqlardan birlikdə keçib, sevinci də, kədəri də hər zaman qardaş kimi bölüşüb:
“Ancaq son zamanlar bəzi sosial media platformalarında və informasiya məkanında bu əbədi münasibətlərə kölgə salmağa çalışan əsassız müzakirələr müşahidə olunur. Bu cür süni şəkildə qabardılan mövzular və mənasız polemikalar iki ölkə arasındakı sarsılmaz bağları zəiflətmək məqsədi daşıyır. Lakin hər kəs əmin olmalıdır ki, heç bir xırda məsələ və ya təsadüfi fikir bu strateji tərəfdaşlığa, qardaşlığa mane ola bilməz”.
Ekspert qeyd edib ki, müasir dövrdə qlobal güclər və xarici dairələr türk dünyasının birliyindən və güclənməsindən ciddi şəkildə narahatdırlar:
“Məhz bu səbəbdən həmin dairələr müxtəlif fitnə-fəsadlar və təxribatlar törətməklə iki qardaş dövləti qarşı-qarşıya qoymağa çalışırlar. Lakin Azərbaycan və Türkiyə cəmiyyəti bu cür çirkin oyunların mahiyyətini çox yaxşı başa düşür və hər zaman ayıq-sayıqdır. Hər bir suveren dövlət öz daxili siyasətini, milli maraqlarını və inkişaf istiqamətlərini müstəqil şəkildə müəyyən etmək hüququna malikdir”.
Həmsöhbətimiz vurğulayıb ki, dövlətlərin daxili işlərinə qarışmaq cəhdləri beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, həm də qəbuledilməzdir:
“Azərbaycanın da, Türkiyənin də daxili siyasəti xalqların rifahına və dövlətlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Buna görə də hər iki ölkənin daxili siyasi qərarlarına qarşılıqlı hörmətlə yanaşmaq hər bir vətəndaşın və siyasətçinin borcudur. Kənar qüvvələrin heç bir dövlətin daxili işlərinə qarışmağa və ya irad bildirməyə haqqı yoxdur. Bizim hər bir addımımızda qardaş Türkiyə dövləti ilə həmrəylik nümayiş etdirmək əsas prioritetlərimizdəndir.
İki ölkə arasındakı dostluq münasibətləri sadəcə siyasi müstəvidə deyil, həm də xalqların qəlbində əbədi olaraq yaşayır. Təəssüf ki, bəzi qərəzli qruplər yanlış fikirlər yaymaqla cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərirlər. Onların əsas məqsədi dost xalqlar arasındakı etimad mühitini zədələmək və süni gərginlik ocaqları formalaşdırmaqdır”.
Lakin sədr müavini əlavə edib ki, bu cür məkrli planlar qurulan gündən məğlubiyyətə məhkumdur, çünki qardaşlıq bağları hər cür sınaqdan alnıaçıq çıxıb:
“Əgər kimsə bu möhkəm birliyi poza biləcəyini düşünürsə, o zaman böyük tarixi yanılma içərisində olduğunu anlamalıdır. Azərbaycan və Türkiyə liderlərinin qətiyyətli iradəsi sayəsində əlaqələrimiz hər keçən gün daha da zirvələrə ucalır. İqtisadi, hərbi, mədəni və sosial sahələrdə həyata keçirilən birgə layihələr gücümüzə güc qatır.
Hər iki ölkənin vətəndaşları sosial şəbəkələrdə yayılan məkrli məlumatlara qarşı maksimum dərəcədə həssas və təmkinli olmalıdırlar. İnformasiya təhlükəsizliyi dövründə rəsmi qurumların yaydığı məlumatlara istinad etmək ən düzgün və etibarlı yoldur. Xarici təsir agentləri və ya daxildəki bəzi ünsürlər bu birliyi ləkələməyə çalışsalar da, onların cəhdləri həmişə boşa çıxacaq”.
Afiq Axundov diqqətə çatdırıb ki, “Bir millət, iki dövlət” fəlsəfəsi sadəcə şüar deyil, hər iki xalqın ruhuna həkk olunmuş dəyişməz reallıqdır:
“Gələcək nəsillər də bu müqəddəs qardaşlığı qoruyub saxlayacaq və əlaqələrimizi daha da irəliyə aparacaqlar. İstənilən qlobal böhran və ya geosiyasi təlatüm zamanı Türkiyə və Azərbaycan hər zaman bir-birinin arxasında dağ kimi dayanır.
Heç bir qüvvə, hansısa xarici təsir və ya daxili fitnə bu əzəmətli dostluğu sarsıda bilməz və kölgə salmağa gücü çatmaz. Odur ki, hər kəs bu müqəddəs birliyin qorunmasına töhfə verməli, qardaşlığımıza xələl gətirən hərəkətlərdən qəti şəkildə çəkinməlidir”.
Elmir Mustafa



