Avropa bazarı Azərbaycan məhsulları üçün niyə vacibdir?

İQTİSADİYYAT
12:50 / 19.10.2026
191

Azərbaycan şirkətlərinin Avropa İttifaqı bazarına çıxış imkanları genişlənsə də, bu istiqamətdə mövcud potensialdan tam istifadə olunduğunu demək çətindir.

Aİ-yə məhsul ixracına icazə verilən yerli müəssisələrin sayı 2018-ci ildə 2 olduğu halda, 2025-ci ildə 12-yə yüksəlib. Nərə kürüsü ixracına icazə verilməsi, Azərbaycanın heyvan mənşəli məhsullar üzrə ixrac siyahısına daxil edilməsi və fındıq tədarükündə “yaşıl dəhliz” rejiminin tətbiqi mühüm addımlardır.

Bəs Azərbaycan müəssisələri Avropa bazarına çıxmaq üçün hansı şərtlərə əməl etməlidir? Yerli şirkətlərin bu bazarın imkanlarından tam yararlana bilməməsinin səbəbləri nələrdir?

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan məhsullarının Avropa bazarına çıxış imkanlarının genişləndirilməsi üçün Avropa İttifaqının və beynəlxalq sənaye təşkilatlarının standartlarının daha geniş tətbiqinə ehtiyac var:

“450 milyondan çox istehlakçını əhatə edən Avropa bazarı həm əhalisinin sayı, həm də alıcılıq qabiliyyəti baxımından Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyri-neft-qaz məhsullarının ixracının artırılması baxımından bu bazar ölkəmiz üçün vacib istiqamətlərdən biridir. Azərbaycan məhsullarının Avropa bazarına çıxışının genişlənməsi ixracın dayanıqlılığını gücləndirə və ölkəyə daha çox valyuta daxil olmasına şərait yarada bilər”.

413155

Millət vəkili qeyd edib ki, Azərbaycan qarşıya qoyulan hədəflərə uyğun olaraq qeyri-neft-qaz məhsullarının ixracını artırmağı planlaşdırır:

“Kənd təsərrüfatı məhsullarının ixracının dörd dəfə artırılaraq 6 milyard dollara çatdırılması da bu məqsədlər sırasındadır. Bu baxımdan, Avropa bazarı Azərbaycan aqrar məhsulları üçün də mühüm ixrac istiqaməti hesab olunur.

Avropa bazarına çıxış imkanlarının artırılması üçün standartların tətbiqi ilə yanaşı, sahibkarların bu tələblər barədə məlumatlandırılması da genişləndirilməlidir. Bu sahədə görüləcək işlər növbəti mərhələdə daha çox Azərbaycan məhsulunun Avropa bazarına çıxarılmasına və qeyri-neft ixracının artırılmasına töhfə verə bilər”.

Sevinc

0