Nazir meyvə bağlarında - FOTO

15:43 / 11.08.2020
1084

Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə rayonunda baramaqurutma müəssisəsində tikinti işlərinin gedişi ilə tanış olub. Bildirilib ki, ümumi tikinti ərazisi 1,2 hektar olan müəssisə istifadəyə veriləndən sonra burada ümumilikdə 200 ton yaş baramanın qəbulu və qurudulması mümkün olacaq.

HİT.Az xəbər verir ki, daha sonra nazir Bərdə rayonunun Ərəblər kəndində fermer Nicat Məmmədovun pambıq sahəsi ilə tanış olub. Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Azərbaycanda bu il havaların quraq keçdiyini deyən nazir qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün qarşıya konkret və ciddi vəzifələr qoyulub.

İ. Kərimov Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi, toxumçu İkram Ziyadovla görüşüb, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb. Nazir bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd nümunəvi fermerlərin müəyyən edilməsi, fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Bərdə rayonunda  uzun illərdir taxılçılıqla məşğul olduğunu deyən İkram Ziyadov qeyd edib ki, düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 54 sentner, arpa üzrə 45 sentner məhsul əldə edib. “Ayın fermeri” adına layiq görülən İkram Ziyadov xüsusi diplomla təltif olunub.  

Ərəblər kəndində fermer İldırım Məlikovun intensiv gilas bağı, Zümürxan kəndində fermer Etibar Cümşüdovun təkrar qarğıdalı sahəsi ilə tanış olan nazir daha sonra Tərtər rayonuna gedərək təcrübə sınaq məntəqəsinin ərazisində yunan texnologiyası əsasında əkilmiş pambıq sahəsinə baş çəkib, Tərtər təcrübə sınaq məntəqəsinin inzibati bina və anbarların tikintisinin gedişi ilə maraqlanıb. 

Daha sonra nazir İnam Kərimov Füzuli rayonunda baramaqurutma müəssisəsinin tikintisi ilə tanış olub.

 

 

 

 

 

 

1