16:44 / 23.06.2022
172

Lotereya oyunlarında uduş fondları necə müəyyənləşir?

Lotereya oyunlarında hamını maraqlandıran məsələlərdən biri də uduş fondlarıdır. Uduş fondlarının böyük olması lotereya oynayanların udmaq şansını artıran əsas faktorlardan biridir.
 
Bəzən lotereya oynayan şəxslərdə uduş fondlarına dair inamsızlıq olur. Bilet alıb böyük məbləğdə pul uda bilməyənlər uduş fondlarının az olduğunu düşünür, uduşa daha az vəsaitin yönəldildiyini fikirləşir.
 
Maraqlıdır, Azərbaycanda keçirilən lotereya oyunlarında uduş fondları nə qədərdir?
 
Sfera.az saytı uduş fondları və onların necə müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparıb.
 
Uduş fondlarının müəyyənləşdirilmə qaydası ilə bağlı millət vəkili və iqtisadçı-ekspertin fikirlərini öyrəndik.
 
Qanun nə deyir?
 
Millət vəkili, parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirdi ki, uduş fondlarının müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq standartlar var. R.Quliyev "Lotereyalar haqqında” qanuna istinad edərək söylədi ki, uduş fondunun minimum həcmi satılan lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az ola bilməz.
 
Millət vəkili 50 faizlik minimum tələbi məqbul hesab etdiyini, bunun həm təşkilatçı, həm də bilet alanlar üçün əlverişli olduğunu söylədi: "Lotereyalar haqqında” qanunda minimum tələb 50 faizdir. Amma aldığım məlumatlara görə, "Azərlotereya”ASC tərəfindən keçirilən lotereyalarda 63-68 faizdir. 
 
Minimum tələbi gözləmək şərtilə oyunları təşkil edən "Azərlotereya” şirkəti uduş fondunu özü müəyyən edir. Şirkət özü bildirməlidir ki, uduş fondunu hansı səbəblərdən belə müəyyənləşdirir. Yəqin ki, uduş fondunun müyyənləşdirilməsinə əməliyyat xərcləri, dövlətə ödənən vergilər və s. kimi amillər təsir edir”.
 
İqtisadçı-ekspert Xalid Kərimli də qeyd etdi ki, uduş fondu ilə bağlı minimum tələb qanunvericiliklə tənzimlənir. Ekspert ölkəmizdə bu tələbin gözlənildiyini və mövcud uduş fondlarının 50 faizdən yüksək olduğunu dedi: "Qanun tələb edir ki, uduş fondu biletlərin ümumi dəyərinin 50 faizdən az ola bilməz. Bu o deməkdir ki, lotereya oyununu keçirən şirkət biletlərin dəyərinin ən azı yarısı qədərində uduş fondu müəyyən etmək səlahiyyəti var. Oyunu təşkil edən qurumlar bu zaman minimum 50 faiz, yaxud toplanan vəsaitin daha çox hissəsini uduşa yönəltməkdə tam sərbəstdir.
 
Şirkət lotereya oynayanları həvəsləndirmək üçün uduş fondunu artıra, hətta oyunu təşkil edən qurumun şəxsi vəsaitləri də yönəldilə bilər.
 
Uduş fondu ilə bağlı maksimum limit yoxdur, yalnız minimum hədd var və buna əməl etmək lazımdır”.
 
X.Kərimli hesab edir ki, dövlət şirkəti olan "Azərlotereya”nın Türkiyənin tanınmış özəl şirkətinə idarəetməyə verilməsindən sonra bu sahədə peşəkar menecment işi tətbiq olunur, lotereya oyunlarının təşkili peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Onun fikrincə, uduş fondları idarəetməyə götürən türk şirkətinin strategiyasına, aparılan araşdırmalarına əsasən müəyyən edilir: "Əlbəttə ki, şirkət lotereya satışından yığılan pulun hamısını uduşa yönəldə bilməz. Şirkətin inzibati xərcləri var, hər oyunla bağlı çəkilişlərə görə, reklamla əlaqədar xərclər var, bundan başqa "Azərlotereya”nın mənfəəti və dövlətə ödədiyi vergilər var, lotereyanı təşkil edən qurum uduş fondunu müəyyən edən zaman bu xərc maddələrini hökmən nəzərə alır”.
 
Uduş fondları necə formalaşır?
 
Uduş fondlarının necə formalaşması ilə bağlı sorğumuza cavab olaraq "Azərlotereya” ASC-nin mövqeyini də öyrəndik. Qurumdan bildirildi ki, lotereyaların uduş fondu qanunvericiliklə və hər bir lotereyanın keçirilmə qaydası ilə tənzimlənir: ""Lotereyalar haqqında” Qanunun 2.0.6-cı maddəsinə istinadən uduş fondu lotereyada oynanılan və uduş şəklində ödənilməsi nəzərdə tutulan pul vəsaitlərinin məcmusudur. Lotereyanın şərtlərinə uyğun lotereya təşkilatçısı uduş fonduna əlavə vəsait qoya və geri götürə bilər. Bu vəsait də uduş fonduna daxildir.
 
Həmin qanunun 4.2-ci maddəsinə əsasən tirajlı lotereyanın şərtlərində lotereyanın uduş fondunun məbləği satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyən edilə bilər və ya uduş fondunun təsbit edilmiş məbləği göstərilir. Uduş fondunun məbləği satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyənləşdirildikdə uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbətinin aşağı həddi göstərilməlidir.
 
Qanunun 6-cı maddəsinə uyğun olaraq lotereyanın uduş fondu lotereya şərtlərində müəyyən olunur və həmin fondun oynanılmasına qədər formalaşdırılır. Lotereya təşkilatçısı uduş fonduna öz vəsaiti hesabına əlavələr edə bilər. Məsələn, 13.05.2022-ci ildə 6/40 tirajlı lotereyasında 101 119 manat cekpot məbləği udulduğu üçün növbəti 14.05.2022-ci ildə keçirilən tirajda cekpot məbləğinə "Azərlotereya” ASC tərəfindən 20 000 manat əlavə edilib.
 
Tirajlı və ani lotereyaların uduş fondunun minimum həcmi, lotereyanın şərtlərindən asılı olaraq, müvafiq tiraj üzrə buraxılmış (yaxud satılmış) lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz və bu zaman lotereya təşkilatçısı tərəfindən qoyulan əlavə vəsait nəzərə alınmır”. 
 
"Azərlotereya”dan bildirdilər ki, hazırda ani lotereyalarda uduş nisbəti 63-68%-ə çatır. Qurumdan lotereyaların uduş fonduna dair məlumatların "Azərlotereya” ASC-nin rəsmi saytında və biletlərin arxa hissəsində də qeyd olunduğunu xatırlatdılar.
 
Açıqlanan məlumatlardan göründüyü kimi Azərbaycanda ani lotereya satışlarından əldə edilən hər 100 manatın 63-68 manatı uduşa yönəldilir.
 
Lotereya şans oyunudur
 
Lakin lotereya oynayanların heç də hamısı uduş əldə edə bilmir və bu onlarda məyusluq yaradır. Əslində, hər kəs biletin ona uduş gətirməsini istəyir və elə bu məqsədlə də bilet alınır. Ancaq o da bəllidir ki, hamının lotereyadan pul udacağına dair təminat da yoxdur. Bununla belə insanlarda uduş əldə edə bilmədikdə qəmginlik, məyusluq formalaşa bilər.
 
Bunun daha çox psixoloji məsələ olduğunu deyən psixoloq Rövşən Nəcəfov lotereya oyunlarının bəziləri üçün pul qazanmaq ümidi, bəziləri üçün şans və həyəcan oyunu olduğunu söylədi. Buna görə də o uduş əldə edə bilmədikdə məyus olanların, stressə qapılanların ya lotereya oynamaqdan uzaq durmasını, ya da özünə bunun bir şans oyunu olmasını təqlid etməsini tövsiyə etdi: "Bu cür oyunlar bütün dünyada əyləncəli oyunlar kateqoriyasına aid olunur. İnsanlar həzz almaq, həyəcan yaşamaq üçün şanslarını sınayırlar. Belə psixoloji əhvalla lotereya və digər mərc oyunlarına qoşulanlar hətta uduş əldə etmədikdə məyus olmurlar.
 
Buna görə də hər bir şəxs nə etdiyini, hansı oyunun iştirakçısı olduğunu bilməlidir. Məsuliyyətsiz davranışa görə əziyyət çəkən şəxlər günahı özündə axtarmalıdır. Bu cür hallarla üzləşməmək üçün lotereya oyunları, aldığı biletlərin hansı imkanlar yaratması ilə bağlı məlumatlı olmalıdır. Məsələn, lotereya biletlərinin əksəriyyətinin üzərində qaydalar yığcam şəkildə əks olunur, neçə böyük uduşun olduğu qeyd edilir. Oyunçu bu məlumatlarla tanış olduqdan sonra oyunun həyəcanını yaşaya bilər”.
 
0