Baku TV-nin qaynar xəttinə müraciət edən Əli Atakişiyev bildirir ki, 2016-cı ildə hərbi xidmətə çağırılıb.
Onun sözlərinə görə, tibbi komissiyadan keçdikdən sonra hərbi xidmətə yararsız hesab edilib və bundan sonra təxminən 10 il ərzində orduya çağırılmayıb.
Ə.Atakişiyev yaxın günlərdə xaricə getmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bilib. Ona hərbi xidmətlə bağlı öhdəliyinin olduğu və xidmətə getməli olduğu deyilib.
"Gözlərim zəif görür, ağzımda diş yoxdur, böyrəyimdə isə daş var. Bu səbəbdən mənə hərbi xidmətə yararsız olduğumu bildirmişdilər. Xaricə getmək istəyəndə isə sərhəddə saxladılar və ölkədən çıxışıma məhdudiyyət qoyulduğunu söylədilər", - deyə o qeyd edib.
Bəs 2016-cı ildə hərbi xidmətə yararsız hesab edilən vətəndaşın 10 il sonra yenidən hərbi xidmətə cəlb olunması hansı hallarda mümkündür?
Vətəndaşın sağlamlıq vəziyyəti və əvvəlki tibbi müayinəsinin nəticələri bu prosesdə necə nəzərə alınır? Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, sərhədkeçməyə məhdudiyyət bir neçə səbəbdən tətbiq oluna bilər. Məsələ fərdi xarakter daşıdığı üçün konkret hal araşdırılmalıdır. Həmçinin qeyd olunub ki, məsələnin araşdırılması üçün vətəndaş özü rəsmi qaydada quruma müraciət etməlidir.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən isə bildirilib ki, Ağdam rayon sakini, 1999-cu il təvəllüdlü Atakişiyev Əli Elşən oğlunun Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yekun tibbi müayinəsi aparılıb.
Vətəndaşın müayinə nəticələrinə əsasən, hazırkı sağlamlıq vəziyyətində müəyyən edilən diaqnozlar müvafiq qanunvericiliyə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır.
Bu səbəbdən Əli Atakişiyevin hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilib.


