İqlim dəyişikliyi, quraqlıqların artması və su ehtiyatlarından səmərəsiz istifadə dünyada şirin su qıtlığı riskini getdikcə artırır.
Xüsusilə içməli suyun israfı mövcud problemin daha da dərinləşməsinə səbəb olur. Bəs azalan şirin su ehtiyatlarını qorumaq və içməli su israfının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Ekoloq Amin Məmmədov Hit.az-a açıqlamasında bildirib ki, iqlim dəyişikliyi nəticəsində şirin su ehtiyatlarının azalmasının qarşısını tamamilə almaq çətin olsa da, mövcud su ehtiyatlarından səmərəli istifadə etməklə bu prosesin iqtisadiyyata və kənd təsərrüfatına mənfi təsirlərini azaltmaq mümkündür:

“Su ehtiyatlarının azalmasını dayandırmaq mümkün olmasa da, tələbatın düzgün idarə edilməsi və sudan qənaətlə istifadə olunması mövcud ehtiyatlarla ehtiyacları qarşılamağa imkan yaradır. Bu baxımdan əsas məsələ su resurslarının səmərəli bölüşdürülməsi və israfın minimuma endirilməsidir”.
Ekspert içməli su itkilərinin azaldılması üçün xüsusilə kənd təsərrüfatında suvarma sistemlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb:
“Su itkilərinin əsas səbəblərindən biri suvarma zamanı istifadə olunan torpaq kanallarda sızmaların çox olmasıdır. Buna görə də həmin kanalların beton üzlüklərlə əvəzlənməsinə üstünlük verilir. Son illərdə ölkəmizdə də bu istiqamətdə investisiyalar yatırılır və kanallar betonlaşdırılır ki, suyun nəqli zamanı itkilər azalsın.
Digər səmərəli üsullardan biri isə yağış sularının toplanmasıdır. Xüsusilə intensiv yağıntıların müşahidə olunduğu ərazilərdə yeraltı hovuzlar yaradılaraq yağış suları burada yığılır və sonradan texniki su kimi, eləcə də digər məqsədlər üçün istifadə edilir”.
Sevinc


