NATO generalından Ukraynanın əraziləri ilə bağlı açıqlama: "Qərarı yalnız Kiyev verməlidir"

DÜNYA
13:10 / 12.11.2026
31

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının müavini, general Con Stringer Ukraynanın ərazi məsələləri ilə bağlı qərarların yalnız Kiyevə aid olduğunu bildirib. O, Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Rusiyanın nə dərəcədə səmimi olduğuna da şübhə ilə yanaşdığını vurğulayıb.

HİT.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Jurnalistlər generaldan Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsindən imtina etməyə məcbur edilə biləcəyi barədə fikirlərini soruşublar. Stringer belə bir yanaşmanı qəbul etməyib və ərazi məsələsinin Ukraynanın öz qərarı olduğunu bildirib.

“Ərazilərə gəlincə, bu, tamamilə ukraynalıların həll etməli olduğu məsələdir”, – deyə general qeyd edib.

Stringer Rusiyanın danışıqlardakı mövqeyinə də ehtiyatla yanaşdığını bildirib. Onun sözlərinə görə, Moskvanın 2022-ci ildən bəri irəli sürdüyü tələbləri yenidən gündəmə gətirməsi ehtimalı narahatlıq doğurur.

“Görək Rusiya bu məsələdə nə dərəcədə ciddidir. Ümid edək ki, bu, açıq desək, 2022-ci ilə gedib çıxan tələblərin sadəcə təkrarı deyil”, – NATO generalı vurğulayıb.

Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrinə dəstək

General Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı dizel yanacağı istehsal edən neft emalı zavodlarına hücumlarını da yüksək qiymətləndirib.

O bildirib ki, bu zərbələr Rusiyaya ciddi ziyan vurur və strateji baxımdan əhəmiyyətlidir. Stringer Ukraynanın hərbi əməliyyatlarda nümayiş etdirdiyi yenilikçi yanaşmanı və iradəni xüsusi qeyd edib.

“Bu, Putinə zərər vurur. O düşünürdü ki, müdaxilə edərək Avropada yeni təhlükəsizlik arxitekturası yaradacaq. Lakin Ukraynanın yaradıcılıq, innovasiya və iradə sayəsində əldə etdikləri inanılmazdır və biz bunu layiqincə qiymətləndirməliyik”, – deyə general bildirib.

Qeyd edək ki, ABŞ-ın Əbu-Dabidəki danışıqlarda regionda sərhədlərin mövcud təmas xətti boyunca müəyyənləşdirilməsini təklif etdiyi barədə məlumatlar yayılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vaşinqtonun Donbasla bağlı təklifi barədə yayılan xəbərləri şərh etməkdən imtina edib.

Noyabrın 11-də danışıqların ikinci günü iki saatdan az davam edib. Bu mərhələdə tərəflərin ərazi məsələlərini daha ətraflı müzakirə etməsi gözlənilirdi.

Samir

0