Mənzil almaq böyük maliyyə məsuliyyəti tələb edən qərardır.
Lakin bəzən alıcı eyni mənzilin bir neçə şəxsə satılması və ya əmlak üzərində hüquqi problemlərin olması riski ilə üzləşə bilər. Bəs belə halların qarşısını almaq, mənzilin başqa şəxsə satılmadığına əmin olmaq üçün alıcı hansı məqamlara diqqət yetirməlidir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Hit.az-a açıqlamasında bildirib ki, mənzil alarkən ilk növbədə onun hüquqi statusu araşdırılmalı, alıcı yalnız satıcının təqdim etdiyi sənədlərlə kifayətlənməyərək dövlət reyestrindəki rəsmi məlumatları da yoxlamalıdır:
“Alqı-satqıdan əvvəl çıxarışın həqiqiliyi, mülkiyyətçinin kimliyi, onun əmlak üzərindəki hüquqları, eləcə də mənzilin həbsdə, ipotekada və ya hər hansı məhdudiyyət altında olub-olmaması araşdırılmalıdır. Eyni zamanda, satıcının şəxsiyyəti və əmlakı satmaq səlahiyyəti notarius tərəfindən təsdiqlənməlidir”.

Ekspertin sözlərinə görə, mənzil alqı-satqısı prosesi mütləq notarial qaydada həyata keçirilməlidir:
“Çünki notarius sənədlərin həqiqiliyini yoxlamaq, mülkiyyət hüquqlarını təsdiqləmək və əməliyyatın qanunvericiliyə uyğun aparılmasını təmin etmək imkanına malikdir. Çıxarışı olmayan, sənədlərində problem olan mənzillərin alınması məqsədəuyğun deyil. Belə hallarla daha çox qeyri-rəsmi müqavilələr əsasında aparılan satışlarda, sənədləşmə və qeydiyyat proseslərində rast gəlinir. Vətəndaşlar qeydiyyatda olmağı və ya etibarnamə əsasında mənzildən istifadə etməyi mülkiyyət hüququ ilə qarışdırmamalıdırlar. Etibarnamə mülkiyyət hüququ yaratmır, yalnız müəyyən səlahiyyətlərin həyata keçirilməsinə imkan verir”.
V. Oruc hesab edir ki, mənzillərin bir neçə şəxsə satılması kimi halların qarşısını almaq üçün elektron qeydiyyat sistemi daha da təkmilləşdirilməlidir:
“Hər bir mənzilə və daşınmaz əmlak obyektinə ayrıca identifikasiya nömrəsi verilməli, bütün əmlaklar vahid elektron reyestrdə qeydiyyata alınmalıdır. Beləliklə, hər hansı alqı-satqı əməliyyatı aparılarkən həmin mənzilin identifikasiya nömrəsi əsasında onun hüquqi vəziyyətini və əvvəlki əməliyyatlarını müəyyən etmək mümkün olar”.
Həmsöhbətimiz həmçinin MTK-lar tərəfindən həyata keçirilən mənzil satışlarının da notarial qaydada aparılmasının vacibliyini vurğulayıb:
“Çıxarışların verilməsi də daxil olmaqla, elektron sənədləşmə prosesi sürətləndirilməli, bunun üçün nəzərdə tutulan müddətlər ən azı iki dəfə azaldılmalıdır. Bu sahədə monitorinq və dövlət nəzarəti də gücləndirilməlidir. Sadalanan tədbirlər həyata keçirilərsə, mənzillərin təkrar satışı və bununla bağlı yaranan problemlərin qarşısını almaq mümkün olar”.
Sevinc

