Konstitusiya Gününün ƏHƏMİYYƏTİ

SİYASƏT
12:58 / 12.11.2026
89

“Konstitusiya Günü Azərbaycan dövlətçilik tarixinin ən əlamətdar günlərindən biridir”.

Bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi təməllərini müəyyənləşdirərək, milli iradəmizin, suverenliyimizin ali ifadəsinə çevrildi:


“Ona görə də Konstitusiyaya xalqın hüquqi sənədi, müstəqillik iradəsi və dövlətçilik əzmi, dünənimizin mübarizəsi, bu günümüzün gücü, sabahımızın əminliyi kimi baxmaq lazımdır. Bəzən Konstitusiyanı, sadəcə qanunlar toplusu kimi qəbul edirlər.

Lakin bu yanaşma səhvdir. Bunun dərin hüquqi və mənəvi bir tərəfi var. Konstitusiya dövlətin kimliyini, xalqın iradəsini, cəmiyyətin inkişaf istiqamətini və gələcəyin hüquqi konturlarını müəyyən edən fundamental sənəddir”.

Ekspert qeyd edib ki, hər bir müstəqil dövlətin gücü onun iqtisadi və hərbi potensialı ilə yanaşı, qanunun aliliyinə, hüquqi sabitliyə və vətəndaş məsuliyyətinə söykənir: 
“Bu mənada Konstitusiya dövlətlə xalq arasında ən hüquqi və mənəvi bağdır. Müstəqilliyimizin qorunması, dövlətçilik ənənələrimizin yaşadılması və milli hədəflərimiz bu ali sənəddə öz əksini tapır. 

Konstitusiyada insan hüquq və azadlıqları, dövlət hakimiyyətinin əsasları, suverenlik, ərazi bütövlüyü ali hüquqi prinsiplər əsasında təsbit edilir. Mahiyyətində isə güclü dövlət, azad vətəndaş və ədalətli cəmiyyət ideyası dayanır”.

Baş redaktor vurğulayıb ki, dövlətin qüdrəti sərhədlərinin toxunulmazlığı ilə yanaşı, həm də həmin sərhədlər daxilində qanunun, ədalətin və hüququn aliliyinin qorunması ilə ölçülür:
“Ona görə də Konstitusiyaya hörmətlə yanaşmaq hər birimizin borcudur. Bu, dövlətə hörmət, dövlətçiliyə xidmətdir. Qanunun qorunduğu yerdə dövlət möhkəm olur, hüququn qorunduğu cəmiyyətdə isə gələcəyə inam artır. Hesab edirəm ki, Konstitusiyaya gələcək nəsillərə ötürəcəyimiz müstəqillik manifestimiz kimi baxmalı və bu günü ən müqəddəs günlərdən biri kimi görməliyik”.

Elmir Mustafa

0