Hərbi güclə təhdid - Qarabağ danışıqlarında taktikamız dəyişir?

ÖLKƏ
17:00 / 13.06.2020
1967

Azərbaycanın Müdafiə Nazirliyinin Dağlıq Qarabağ konfliktinin hərbi yolla həllinin qaçılmazlığı barədə az öncə verdiyi bəyanatın düşmən tərəfdə doğurduğu təlaş davam edir. Bunu separatçı bölgənin özünə “prezident” deyən yeni oyuncaq rəhbəri, Azərbaycan həbsxanasının çoxdan darıxdığı Araik Arutunyanın açıqlaması bir daha təsdiq edir.

Xatirladaq ki, Müdafiə Nazirliyi işğalçı Ermənistanla diplomatik dildə danışmağın artıq faydası olmadığını və problemin həlli üçün yeganə yol kimi hərbi gücün tətbiqinin vacib olduğunu bildirmişdi. Aydındır ki, araik arutunyanlar da gec-tez “tələ yiyəsi”nin gələcəyini, yəni Azərbaycanın istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcəyini yaxşı bilirlər. Odur ki, nə qədər özləri üçün seçki tamaşaları düzənləsələr də, “dövlət-dövlət” oyunu oynasalar da, beynəlxalq birlik bu oyunları və siyasi şouları ciddiyə almayacaq və almır. Çünki ölkəmizin BMT tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyi qeyd-şərtsiz tanınır. Dağlıq Qarabağdakı qondarma “prezident seçkisi”nə verilən beynəlxalq reaksiya bunun bariz sübutudur.

“Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin qondarma ”başçısı" Araik Arutunyan yenə öz sayıqlamaları ilə gündəmdə qalmağa çalışıb". Bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal olunmuş Qarabağ bölgəsində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin “başçısının” son açıqlaması ilə bağlı danışarkən deyib.

Gəncəliyev daha sonra deyib: “Azərbaycanın işğal altındakı ərazilərini talamaqla, həmçinin Serj Sarkisyan və Robert Koçaryan kimi bəşəriyyət əleyhinə cinayətlər törətmiş quldurlara əlaltılıq etməklə özünə sərvət toplamış bir korrupsioner cinayətkarın belə narahatlıq keçirməsi bizdə təəccüb doğurmur. Qondarma və oyuncaq rejimin oyuncaq ”başçısı" yaxşı anlayır ki, onun özünün və onun kimilərin Azərbaycan Respublikası qanunları qarşısına mühakimə ediləcəyi gün çox yaxındır və bundan qaçışı mümkün olmayacaq. Bunu qeyd etmək vacibdir ki, hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər. Azərbaycan prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin ərazi bütövlüyü çox tezliklə bərpa ediləcək və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi Araik kimi oyuncaqlardan təmizlənəcək. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə sülh şəraitində yaşaması tezliklə təmin ediləcək".

*****

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionun təhlükəsizliyinə ən böyük təhdid kimi qalmaqdadır. BMT-nin baş katibi və Avropa Birliyinin ali nümayəndəsi Cozep Borelin qlobal atəşkəslə bağlı müraciətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa davam edir, həmçinin gərginliyi artırmağa və münaqişənin siyasi həllinə mane olmaq üçün hər cür səy göstərir. Ermənistan özünü ”demokratik" kimi təqdim edir, lakin hələ də öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının insan hüquqlarını pozmağa davam edir".

Bu fikirləri isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin video-telekonfrans görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün dünyanın COVID-19-la mübarizəyə səfərbər olunduğu dövrdə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” və “andiçmə” mərasimi keçirir: “Danışıqlar aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməkdən boyun qaçırmaqla Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır. Beləliklə, Ermənistan ”Şərq Tərəfdaşlığı"nın sabitlik və rifah kimi fundamental prinsiplərinə xələl gətirir".

“Avropa Birliyi Şurasının sonuncu yekun sənədində bəyan edildiyi kimi, ”Şərq Tərəfdaşlığı"nın fundamental əsasları qaydalarına əsaslanan beynəlxalq nizam və tərəfdaş ölkələrin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi daxil olmaqla beynəlxalq hüquqla bağlı paylaşılan öhdəliklərimiz üzərində qurulur. Biz bu prinsiplərin ikitərəfli və çoxtərəfli əməkdaşlıqda təşviqində AB ilə həmrəyik", - deyə nazir qeyd edib.

*****

Öz növbəsində əcnəbi siyasi və hərbi təhlilçilər Azərbaycanın işğal rejimi ilə sonsuzadək barışmayacağı, sülh danışıqlarının indiki kimi nəticəsiz davam edəcəyi təqdirdə günün birində Bakının radikal qərar verəcəyini bildirirlər. Təkcə bildirmirlər, həm də hərbi yolun ilk növbədə Ermənistan üçün fəlakətli sonuclanacağı barədə İrəvana vaxtaşırı xəbərdarlıq edirlər. Bu da həmin qəbildən olan daha bir ekspert rəyi. 

“Əgər hərbi qüvvələr düşmənə hücum etmək və onu darmadağın etmək istəyirsə, o zaman buna gizli şəkildə hazırlaşır. Gözlənilmədən düşmənə hücum edir və bunu lazımsız açıq bəyanatlar olmadan edirlər. Əlbəttə ki, Azərbaycan Müdafiə Nazirliyinin bu cür sərt açıqlaması Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin icazəsi və razılığı olmadan verilə bilməzdi”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış hərbi analitik Aleksandr Perendjiyev Azərbaycan Müdafiə Nazirliyinin işğalçı ilə danışmağın yeganə yolu kimi hərbi güc variantının qalması barədə məlum açıqlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu bəyanat əslində hərbi baxımdan daha çox, hərbi-siyasi xarakter daşıyır.

Politoloq həmin bəyanatda bir neçə mühüm sətiraltı anlamın altını cızıb: “Birincisi, Azərbaycan tərəfi, sözün əsl mənasında rəsmi İrəvandan ultimativ şəkildə tələb edir ki, işğal edilmiş yeddi rayonun azad edilməsi ilə bağlı əldə edilmiş razılaşmaların sürətli və davamlı şəkildə həyata keçirilməsinə və bunun ardınca rəsmi Bakı üçün məqbul olacaq şəkildə - Azərbaycanın tərkibində Dağlıq Qarabağın gələcək statusunu müzakirə etməsi üçün konstruktiv danışıqlara, yəni əslində ”Madrid prinsipləri"nin icrasına başlasın".

Bəyanatın ikinci elementi kimi politoloq Azərbaycanın hərbi-siyasi rəhbərliyinin dünya birliyinə və ilk növbədə ATƏT-in Minsk Qrupu üzvlərinə rəsmi İrəvanı həmin o “Madrid prinsipləri”ni dərhal həyata keçirməyə məcbur etmələri üçün qətiyyətli siyasi-diplomatik addımlara getməsinin vaxtı çatması barədə göndərdiyi mesajı vurğulayır.

“Üçüncüsü, Bakı mesaj verir ki, əgər Ermənistan tərəfi əldə edilmiş razılaşmaları yerinə yetirməsə və ATƏT-in Minsk Qrupu rəsmi İrəvanı buna məcbur etmək üçün qətiyyətli tədbirlər görməsə, Azərbaycan Respublikası istənilən vaxt xəbərdarlıq etmədən Ermənistanın işğal etdiyi əraziləri azad etmək üçün hərbi əməliyyata başlamağa hazırdır”, - deyə Perendjiyev qeyd edib.

Onun əminliyinə görə, hərbi əməliyyatlar başlasa, heç kim, heç bir şəraitdə, kənardan və heç bir dilə tutmalarla Bakını dayandırmayacaq. “Və nəhayət, dördüncü mesaj odur ki, ərazilərini tam azad etdikdən sonra rəsmi Bakı Dağlıq Qarabağ məsələsinə dair ATƏT-in Minsk Qrupunun üzvlərinin və ola bilsin həm də digər beynəlxalq hüquq subyektlərinin iştirakı ilə Ermənistanla sərhədlərlə bağlı müqaviləsi imzalamağa dair danışıqlara başlamağa hazırdır” , - deyə o qeyd edib.

Sonda o, belə bir yekun fikir söyləyib ki, Azərbaycan Müdafiə Nazirliyinin Bakı üçün diplomatik baxımdan yolun qalmadığı barədə bəyanatından sonra Ermənistan tərəfindən həyata keçirilən hərbi tədbirlər artıq heç bir əhəmiyyət kəsb etmir. “Bu, artıq əsla hansısa ölkənin siyasətçiləri və diplomatlarının deyil, Azərbaycan silahlı qüvvələrinin işi olacaq”, - rusiyalı həbi analitik əlavə edib.

*****

Rusiyalı ekspertin söylədiklərindən həm də belə bir qənaət hasil olur ki, rəsmi Bakı Qarabağ danışıqlarında taktikanı dəyişmək niyyətindədir. Söhbət getdikcə daha böyük miqyas alan hərbi güclə təhdiddən gedir. Başqa sözlə, işğalçı tərəfə daima belə bir ismarış verilir ki, sülhlə müharibə arasında tezliklə və doğru seçim elıməsə, hərb variantına tuş gələcək. Bu variant “Domokl qılıncı” kimi heç vaxt onun başı üzərindən götürülməyəcək...   

0
Musavat.com