Göz ağlarını ağardan damcılar təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

SAĞLAMLIQ
14:00 / 25.10.2026
55

Makiyaj ustalarının göz ağlarını daha ağ göstərmək üçün istifadə etdiyi damcıların mütəmadi tətbiqi sağlamlıq üçün riskli ola bilər. Bu preparatlar gözlərdəki qızartını müvəqqəti azaltsa da, qıcıqlanma və digər yan təsirlərə səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə Rusiyanın “Gazeta.ru” nəşrinə Moskvanın 3Z klinikasının oftalmoloqu Ayqul Otxozoriya danışıb.

Həkimin sözlərinə görə, bu vasitələr dekorativ kosmetika və ya adi nəmləndirici damcılar deyil. Onların tərkibində qan damarlarını daraldan maddələr var. Bu səbəbdən gözlərdəki qızartı bir müddət azalır, lakin onun əsas səbəbi aradan qalxmır. Preparatın təsiri bitdikdən sonra qızartı yenidən yarana, tez-tez istifadəsi isə gözlərdə qıcıqlanmaya səbəb ola bilər.

Mütəxəssis bildirib ki, bu damcıların qlaukomanın müəyyən növü, quru göz sindromu, mədə və onikibarmaq bağırsağın xoralı xəstəlikləri, bronxial astma və epilepsiya kimi hallarda istifadəsi əks göstərişli ola bilər. Mümkün yan təsirlər arasında görmənin bulanması, allergik reaksiyalar, qıcıqlanma və göz daxili təzyiqin yüksəlməsi də var.

Oftalmoloq gözlərdə qızartı mütəmadi təkrarlanırsa, səbəbin müəyyənləşdirilməsi üçün mütəxəssisə müraciət etməyi tövsiyə edib. Buna quru göz sindromu, allergiya, iltihab, kontakt linzalardan istifadə və ya uzun müddət ekran qarşısında qalmaq səbəb ola bilər. Müalicə üsulu isə problemin mənbəyindən asılı olaraq seçilməlidir.

Samir
 

0