Pişiklər həqiqətən stressi azaldır? - Alimlər hormonal əlaqə tapdı

MARAQLI
23:53 / 25.10.2026
44

Pişiyin sahibinin qucağına gəlib mırıldaması insana rahatlıq verə bilər. Yaponiyanın Kyoto Universitetinin alimləri apardıqları araşdırmada pişiklərlə fiziki yaxınlığın insanların əhval-ruhiyyəsi və stresslə əlaqəli hormonlarla bağlı ola biləcəyini müəyyən ediblər. Bununla belə, tədqiqat pişiklərlə təmasın stressi mütləq azaltdığını hələ sübut etmir.

HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri “iScience” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Pişiklərlə təmas hormonlara necə təsir edir?

Tədqiqatda 19 pişik sahibi və 29 pişik iştirak edib. Alimlər bir ay ərzində həm insanların, həm də heyvanların sidik nümunələrini araşdıraraq hormon səviyyələrini ölçüblər. Pişiklərin sahibləri ilə nə qədər vaxt keçirdiyini izləmək üçün onların boyunluqlarına enerji sərfiyyatı az olan “Bluetooth” cihazları da yerləşdirilib. İştirakçıların əhval-ruhiyyəsi sorğular vasitəsilə qiymətləndirilib.

Nəticələr pişiklər və sahibləri arasında oksitosin səviyyələri ilə müsbət əlaqə olduğunu göstərib. Sosial bağlılıqla əlaqələndirilən oksitosin hormonunun pişiklərdə yüksək olması sahiblərində kortizol səviyyəsinin aşağı olması və mənfi emosiyaların daha az müşahidə edilməsi ilə əlaqələndirilib.

Kortizol orqanizmin stress reaksiyasında mühüm rol oynayır. Oksitosin isə insanlar arasında emosional bağların formalaşması ilə əlaqəli hormondur.

Əsas məsələ pişik saxlamaq deyil, onunla yaxınlıqdır

Tədqiqatçılar hesab edirlər ki, insanın özünü yaxşı hiss etməsi onun neçə ildir pişik saxlamasından daha çox, gündəlik həyatda heyvanla qurduğu yaxınlıqla əlaqəli ola bilər.

Araşdırmanın müəlliflərindən Saho Takagi bildirib ki, pişiyi qucağında mırıldayarkən rahatlıq hiss edən insanların təcrübəsi oksitosinlə bağlı hormonal əlaqəni qismən əks etdirə bilər.

Bununla belə, əvvəlki araşdırmalarda pişik saxlamağın psixoloji sağlamlığa təsiri ilə bağlı fərqli nəticələr əldə olunub. Bəzi tədqiqatlar müsbət əlaqələr göstərsə də, digərlərində pişik sahibi olmaqla psixoloji rifah arasında aydın müsbət əlaqə aşkarlanmayıb.

Yeni araşdırmanın əsas məhdudiyyəti iştirakçıların sayının az olmasıdır. Bundan başqa, müəyyən edilmiş əlaqə səbəb-nəticə münasibətini sübut etmir. Yəni pişiklərlə yaxın təmasın stressi birbaşa azaltdığını təsdiqləmək üçün daha geniş tədqiqatlara ehtiyac var. Bununla belə, nəticələr insanlarla pişiklər arasındakı emosional bağın hormonal səviyyədə də əks oluna biləcəyinə işarə edir.

Samir
 

0