Azərbaycan hər an hərbi yola qərar verə bilər - Kritik gözlənti

ÖLKƏ
11:10 / 20.06.2020
2817

Xəbər verildiyi kimi, ötən həftə Avropa Parlamentində Dağlıq Qarabağla bağlı növbəti, mühüm bir sənəd qəbul olunub. Qurumun Azərbaycan üzrə məruzəçisi, Ermənistan üzrə məruzəçisi, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistan və işğal altındakı Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar. Bəyanatda Qarabağ konfliktinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur, işğalçı ölkənin bu addımı beynəlxalq hüquqa zidd əməl kimi qiymətləndirilir, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğalı pislənilir.

Gözlənildiyi kimi, sənəd Ermənistanda az qala, şok effekti yaradıb, rəsmi İrəvanın böyük diplomatik fiaskosu kimi dəyərləndirilib. Həm də o səbəbə ki, bəyanatda işğal altındakı Azərbaycan torpaqları sortlara (Dağlıq Qarabağ və ətraf 7 rayon) bölünməyib, onlara eyni yanaşma təsbit edilib. Bu isə ən əvvəl o anlama gəlir ki, Avropa Birliyinin əsas strukturu olan Avropa Parlamenti, ümumən Avropa Dağlıq Qarabağdakı bir ovuc erməninin öz müqəddəratını təyinetmə haqqı ilə bağlı tələbini tam əsassız sayaraq rədd edir, oradakı oyuncaq qurumu qəbul etmir, konfliktin xalqların öz müqəddəratını təyinetmə haqqından qaynaqlanmadığı barədə Azərbaycanın haqlı mövqeyini bölüşür.

***

Avropa Parlamentinin son qərarı bir çox xarici ekspert və siyasətçilər tərəfindən də obyektiv və ədalətli mövqe kimi  qiymətləndirilməkdədir.       

“Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə danışıqları faktiki torpedalayır. Tamamilə aydındır ki, baş nazir Nikol Paşinyan 2007-ci il ”Madrid prinsipləri"nə əməl etmək niyyətində deyil və dalan vəziyyətdən çıxmaq  üçün özünün hansısa planı da mövcud deyil. Bunun əvəzinə Ermənistan hakimiyyəti Dağlıq Qarabağda “sürünən ekspansiya” həyata keçirir. Mövcud iki yoldan əlavə bölgəyə yeni bir magistral yolu çəkmək planı bunu bir daha sübut edir. Ermənistanın belə addımları Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirir ki, bu da Avropada narahatlıq yarada bilməzdi".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Saveliev rusdilli Vesti.az saytına müsahibəsində deyib.

“Bu, o deməkdirmi ki, artıq Avropa strukturlarında Azərbaycanın ərazi bütövlüyü və torpaqlarının işğalı faktı ilə bağlı konkret mövqe formalaşıb” sualına rusiyalı deputatın cavabı bu cür olub: “Belə bir mövqe çoxdan formalaşıb. Xatırladım ki, hələ 20 may 2010-cu ildə Avropa Parlamenti Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunmuş ərazilər kimi qeyd olunduğu ”Avropa Birliyinin Cənubi Qafqaz üçün strategiyası tələbi" adlı qətnamə qəbul edib. İndi aydındır ki, Ermənistanın hərəkətləri Avropa siyasətçilərini ciddi şəkildə narahat edib. Dağlıq Qarabağda keçirilən qondarma “prezident seçkiləri” demək olar ki, bütün beynəlxalq qurumlar və dünyanın aparıcı ölkələri qanunsuz adlandırdı. Yeri gəlmişkən, bu hadisə eyni zamanda, mübahisəli ərazi və xəritədəki boz bölgə kimi Dağlıq Qarabağdakı əhalini pandemiya ilə mübarizədə beynəlxalq strukturların dəstəyindən məhrum etdi və orada koronavirus təhlükəsini daha da artırdı".

Rusiyalı siyasətçi Avropa parlamentinin addımını Nikol Paşinyan hökumətinə bir mesaj sayır. “Əgər Azərbaycan Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, sülh yolu ilə həllinin ardıcıl tərəfdarı olduğunu bəyan edirsə və bununla da dünya birliyinin gözündə öz mövqeyini möhkəmləndirirsə, Ermənistan tərəfindən ATƏT missiyasının vasitəçilik səylərini daimi surətdə pozulması beynəlxalq ictimaiyyət üçün çox qıcıqlandırıcı amildir”, - deyə o qeyd edib.

Rusiyalı deputata görə, bu gün Nikol Paşinyan qəliz vəziyyətdədir. “Bir yandan o, hakimiyyətdə qalmaq üçün ölkə əhalisinə iqtisadi artımın baş verdiyini nümayiş etdirməlidir. Digər tərəfdən isə Ermənistanın blokadasını qaldırmadan, yəni Azərbaycanla pozitiv razılaşmalar əldə olunmadan iqtisadiyyatda hər hansı irəliləyiş mümkün deyil. Avropa Ermənistan baş nazirinin populizmindən bezib və ona açıq şəkildə bildirir ki, Paşinyan Dağlıq Qarabağ probleminin həllində daha konstruktiv mövqe tutmasa, o zaman hər hansı dəstəyi itirə və problemlərlə baş-başa qala bilər. Qeyd edim ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiqdir və Minsk Qrupunun fəaliyyəti çərçivəsində münaqişənin sülh yolu ilə həlli üçün bütün səylərini göstərir. Mən yenə hesab edirəm ki, işğal altındakı rayonların Azərbaycana verilməsi danışıqlar prosesindəki dalandan çıxmağın yeganə düzgün yoludur”, - deyə o, sonda əlavə edib.

***

Təəssüflər olsun ki, Ermənistanın hazırkı hakimiyyəti, faktiki, Qarabağ konfliktinin həlli hayında deyil. İşğalçı ölkənin “inqilabçı” baş naziri Nikol Paşinyanın  başı indi daha çox siyasi opponentlərlə haqq-hesab çürütməyə və öz hakimiyyətinin ömrünü uzatmağa qarışıb.  

“Yeni Müsavat”ın məlumatına görə, bunu hərbi ekspert Azad İsazadə Teleqraf.com-a açıqlamasında deyib.

Ermənistandakı acınacaqlı durum fonunda Qarabağ danışıqlarının perspektivinə toxunan ekspert deyib: “Faktdır ki, Paşinyan Ermənistanın qarşısında dayanan problemləri həll edə bilmədi. İqtisadi, korrupsiya problemləri həll olunmadı. Qarabağ probleminin həlli isə daha da çətinləşdi. Bəlkə də təəccüblü olar, amma Serj Sərkisyanın dövründə münaqişənin nizamlanması nisbətən daha mümkün görünürdü, nəinki Paşinyanın. Paşinyan praktiki olaraq Qarabağ probleminin həllini özbaşına buraxdı. O bildirir ki, ”Qarabağ xalqı" nə desə, o olacaq".

Təhlilçiyə görə, beləliklə, Paşinyan iqtidarı nə diplomatik, nə iqtisadi, nə də siyasi uğurlar əldə edə bilir. “Sözsüz ki, Nikol Paşinyanın ətrafında olan müttəfiqlərinin də bu problemlərin həllinə dair baxışları istər-istəməz fərqli idi, o cümlədən kadr dəyişikliklərinə münasibətdə onların baxışları uzlaşmırdı və hansısa məqamda yolları ayrıldı. Əvvəllər Paşinyana dəstək olan insanlar ona qarşı çıxmağa başladılar”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, əks tərəfdə də eyni proseslər baş verir. “Məsələn, Ermənistanın məşhur politoloqu, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş sədri David Şahnazaryan Sərkisyanın hakimiyyətdə olduğu dövrdə Levon Ter-Petrosyanın ən yaxın adamlarından biri, Sərksiyana qarşı daim müxalifətçi mövqedə idi. Paşinyan hakimiyyətə gələndən sonra isə o, Sərkisyanın tərəfinə keçdi və hazırda onun mövqeyindən çıxış edir. Deməli, siyasətçilərin bir düşərgədən o biri düşərgəyə belə deyək, rotasiya olunması da baş verir”.

Ancaq Ermənistanda nə baş verməsindən, siyasilərin və politoloqların düşərgə dəyişməsindən, iqtidarda və ya müxalifətdə təmsil olunmasından asılı olmayaraq, fakt odur ki, ümumən düşmən ölkənin toplumu, siyasi elitası, mediası və ekspert çevrələri Qarabağ məsələsində yekdil radikal mövqedə qalmaqda davam edir. Bu isə konfliktin dinc həlli perspektivini, faktiki sıfırlayır, Azərbaycana öz ərazi bütövlüyünü güc yolu ilə bərpa eləməkdən savayı variant saxlamır.

Odur ki, rəsmi Bakı üçün hərbi (güc) amili, yəni özünün silahlı qüvvələrinin döyüş hazırlığını daha da artırıb işğalçı tərəf üzərində hərbi üstünlüyünü artırması indi heç vaxt olmadığı qədər mühüm, hətta kritik önəm kəsb edir. Düşmən ölkədəki qarışıqlıq, fors-major vəziyyəti bu amili ikiqat əhəmiyyətli edib. Azərbaycan hər an torpaqları hərbi üsulla azad etməyə qərar verə bilər...

1
Musavat.com