Karantində hiperaktiv uşaqlarla necə davranmalı? – Həkim məsləhəti

20:43 / 30.06.2020
938

Karantin rejimi böyüklərlə yanaşı uşaqların da psixologiyasına təsirsiz ötüşmür. Hiperaktiv uşaqlar üçün isə bu dövr olduqca cansıxıcı ola bilər. Nəzərə alsaq ki, Onların olduqca hərəkətli həyat tərzi keçirməyə öyrəndiklərini nəzərə alsaq, valideynlər ikiqat məsuliyyətli olmalıdır. Görəsən, hiperaktiv uşaqlara davranışda nələrə diqqət edilməlidir?

Həkim-nevroloq Nailə Mustafayevaya Lent.az -a deyib ki, karantin dövrünün həm normal, həm də hiperaktiv uşaqlar üçün cansıxıcı keçə biləcəyini təxmin etmək olar: “Uşaqların həyatlarının bu dönəmini daha maraqlı və mənalı etmək valideyinlərin üzərinə düşür”.

Həkimin fikrincə, valideynlər gündə ən azı 2 saat övladı ilə birlikdə vaxt keçirməlidir: “Bu, film izləmək, şahmat oynamaq, gəzintiyə çıxmaq, bir yerdə yemək hazırlamaq, velosiped sürmək və s. ola bilər. Bundan əlavə, hər bir uşağın öz maraq dairəsi var. Əsas odur ki, uşağın maraqlandığı bir mövzu haqda danışıb, onunla birlikdə sevdiyi işlə məşğul olasınız. Vəziyyəti nəzərə alaraq, qoruyucu vasitələrdən istifadə etmək şərti ilə hər gün uşağın ən azı bir saat havada olması şərtdir”.

Nailə Mustafayevanın sözlərinə görə, karantin rejimində hiperaktiv uşaqların psixologiyasından danışırıqa bu zaman düzgün qidalanmaları və normal yuxu diqqətə alınmalı əsas məqamlardan biridir.

Həkim sonda valideynlərə mütaliə etməyi məsləhət görüb: “Əgər mənəviyyatı zəngin bir uşaq yetişdirmək istəyirsinizsə, uşaqlarınıza mütaliə etməyi öyrədin. Bunun ən yaxşı yolu sizin övladınızın yanında kitab oxumağınızdır. Çünki uşaqların nəsihətdən çox, nümunəyə ehtiyacları var”.

 

0