Paleontoloqlar uzun müddət yalnız Şimali Amerikada yaşadığı düşünülən məşhur diplodokun qalıqlarını ilk dəfə Avropada aşkarlayıblar. Təxminən 150 milyon il əvvələ aid tapıntı dinozavrların Yura dövrünün sonlarında qitələr arasında hərəkət edə bildiyini göstərir.
HİT.az xəbər verir ki, araşdırma İspaniyanın Teruel əyalətindəki La Tejeria ərazisində aparılan qazıntılar zamanı həyata keçirilib. Alimlər burada diplodoka aid 14 quyruq fəqərəsi və çoxsaylı digər sümüklər aşkar ediblər. Qalıqların olduqca yaxşı vəziyyətdə qorunması dinozavrın növünü müəyyənləşdirməyə imkan verib.
İndiyədək Diplodocus cinsinə aid uzunboyunlu sauropodların qalıqları əsasən ABŞ-ın qərbində yerləşən məşhur Morrison formasiyasında tapılıb. İspaniyadakı yeni kəşf isə bu canlıların Avropaya qədər yayıldığına dair mühüm sübut hesab olunur.
Tədqiqatçıların fikrincə, diplodok və digər dinozavrlar Şimali Amerika ilə Avropa arasında okeanın geri çəkildiyi dövrlərdə yaranan müvəqqəti quru keçidlərindən istifadə etmiş ola bilər.
Alimlər bildirirlər ki, həmin dövrdə Atlantik okeanı indiki qədər geniş olmayıb. Buna görə də müəyyən zamanlarda qitələr arasında heyvanların hərəkətinə şərait yaradan quru sahələri formalaşa bilərdi.
Tədqiqatın müəlliflərindən Serxio Sançes Fenolyosa qeyd edib ki, tapıntı Yuranın sonlarında iki qitə arasında fauna mübadiləsinin baş verdiyini göstərən ən inandırıcı paleontoloji sübutlardan biridir.
Diplodok uzun boynu, qamçıya bənzəyən quyruğu və nisbətən kiçik başı ilə tanınır. Tədqiqatçılar İspaniyada aşkar edilən nümunənin uzunluğunun təxminən 25 metr olduğunu hesab edirlər.
Sümüklərin yaxşı qorunması onun anatomik xüsusiyyətlərini ətraflı araşdırmağa imkan verib. Fəqərələrdə hava ilə dolu böyük boşluqlar, quyruq sümüklərinin alt hissəsində xüsusi kanallar və Y formasında sümük strukturları müəyyən edilib.
Bu xüsusiyyətlər digər sauropodlarla müqayisə edildikdən sonra qalıqların Diplodocus cinsinə aid olduğu müəyyənləşdirilib. Alimlər nümunəni Şimali Amerikada yaşamış Diplodocus hallorum növünün yaxın qohumu hesab edirlər.
Teruel ərazisi bundan əvvəl də Turiasaurus və Losillasaurus kimi nəhəng sauropodların qalıqlarının tapıldığı məkan kimi tanınır. Yeni diplodok tapıntısının bölgənin Yura dövründə yaşamış nəhəng dinozavrların müxtəlifliyinin öyrənilməsi baxımından əhəmiyyətini daha da artırdığı bildirilir.
Diplodokun fosil qalıqları hazırda İspaniyanın Teruel şəhərindəki Dinopolis Araqon Paleontologiya Muzeyinin dinozavrlar zalında nümayiş etdirilir.
Samir


