Son günlər Böyük Britaniyanın gələcəkdə parçalanaraq ayrı-ayrı dövlətlərə bölünə biləcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Xüsusilə Şotlandiyanın müstəqillik istəyi, Şimali İrlandiyanın İrlandiya ilə birləşməsi ehtimalı və Uelsdə milli kimlik məsələləri bu ssenarinin mümkünlüyü barədə suallar yaradır.
Bəs Böyük Britaniyanın parçalanması real siyasi perspektivdir, yoxsa hazırkı mərhələdə daha çox nəzəri ehtimal olaraq qalır?
Siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a şərhində bildirib ki, Böyük Britaniyanın federal subyektlərinin ayrılması ilə bağlı təşəbbüslərin meydana çıxması Şimali İrlandiya, Şotlandiya və Uelsdə müstəqillik tərəfdarlarının may ayında keçirilən yerli parlament seçkilərində qalib gəlməsi ilə bağlıdır:

"Bu da Britaniyada mərkəzdənqaçma prosesinin meydana çıxmasına səbəb olub. Lakin bu, hələ Britaniya kimi qüdrətli dövlətin parçalanması anlamına gəlmir. Çünki Britaniya ittifaqından ayrılmaq üçün xüsusi geniş hüquqi prosedurlar mövcuddur. Həmin muxtar bölgələrdə öz müqəddaratını təyinetmə hüququ referendum yolu ilə müəyyənləşir. Lakin bu məsələ refenduma çıxarılmazdan əvvəl Böyük Britaniya parlamentində səsverməyə təqdim olunmalıdır.
Ayrılmanın şərtlərini tənzimləyən və müstəqilliyi rəsmiləşdirən qanun layihəsi Britaniya parlamentində təsdiqləndikdən sonra referenduma çıxarılmalıdır. Bu sənəd Britaniyanın milli təhlükəsizliyinə və dövlət maraqlarına zidd olmamamlıdır. Eyni zamanda, Britaniya hökuməti də ayrılma məsələsinə razılıq verməlidir. Əks təqdirdə, bu, separatizm hesab ediləcək və Britanmiyanın Ali Məhkəməsi tərəfindən qanunsuzluq kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Birləşmiş Krallıqdan çıxmaq bir neçə mərəhələli mürəkkəb hüquqi prosedurları nəzərdə tutur".
Ekspertin sözlərinə görə, bu səbəbdən də Britaniya parlamentində əksəriyyətin ayrılmaqla bağlı qanun layihəsinin lehinə səs verəcəyi inandırıcı görünmür:
"Əvvəllər bir neçə dəfə belə cəhdlər olsa da referendumda seçicilərin çoxu Britaniyanın tərkibində qalmağa səs veriblər. Bu dəfə də referendumda müstəqillik tərəfdarlarının məğlub olmaq ehtimalı yüksəkdir. Qeyd edilən məsələyə Avropa İttifaqının hansı reaksiya verəcəyi fikrimcə, mühüm önəm kəsb edir. Çünki Şimali İrlandiya Avropa İttifaqınıən üzvü olan İrlandiya Respublikası ilə birləşməyin tərəfdarıdır.
Şotlandiya və Uels də müstəqil olsalar Avropa İttifaqına üzvlük siyasəti yürüdəcəklərini bildirirlər. Əslində, onları bu bəyanatlar verməyə vadar edən səbəb həm də “Breksit”dən sonra Britaniyada işsizliyin artması və iqtisadi geriləmənin baş verməsidir".
M. Abdulla əlavə edib ki, Britaniya sublektlərinin ayrılmaq təşəbbüsü Avropa İttifaqının rəsmi Londona təzyiq baxımından əlini gücləndirir:
"Əslində, son zamanlar istər leyboristlər, istərəsə də konservatorlar arasında Britaniyanın Avropa İttifaqı üzvlüyünə qayıtmaq barədə çağırışların sayı artıb. Hesab edilir ki, Britaniyada həlli tapılmayan və tez-tez hökumət dəyişikliyinə səbəb olan sosial-iqtisadi problemlərə son qoymağın yolu Avropa İttifaqına daxil olmaqdan keçir. Federal subyektlərin ayrılmaq istəyi bu prosesi süərtləndirə bilər".
Sevinc


