Uzun illər ərzində Azərbaycanda məktəb zəngi sentyabrın 1-də çalınırdı.
Yay tətilinin başa çatması, məktəb hazırlıqları, yeni dərs ili ilə bağlı həyəcan və ilk dərs günü məhz bu tarixlə əlaqələndirilirdi. Sonradan tədris təqvimində dəyişiklik edildi və məktəblərdə dərslərin sentyabrın 15-də başlaması müəyyənləşdirildi. Hazırda ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-dən iyunun 14-dək davam edir.
İllər keçdikcə sentyabrın 15-i də məktəb həyatının adi və gözlənilən başlanğıc tarixinə çevrilib. Lakin hər tədris ilinin əvvəlində eyni sual yenidən gündəmə gəlir - dərslərin başlama və başa çatma tarixinin uşaqların öyrənmə prosesinə, sağlamlığına və ailələrin gündəlik həyatına təsiri varmı?
İlk baxışdan dərs ilinin sentyabrın 1-də və ya 15-də başlaması böyük fərq kimi görünməyə bilər. Ancaq uşağın gündəlik rejimi baxımından iki həftə də əhəmiyyətli müddətdir. Yay aylarında daha sərbəst rejimə alışan uşaq üçün məktəb ritminə keçid mərhələli şəkildə baş verdikdə adaptasiya daha rahat ola bilər.
Digər tərəfdən, tədris ilinin daha gec başlaması yay tətilinin uzanması baxımından uşağa əlavə istirahət imkanı yaratsa da, bunun təhsil prosesinə təsiri ayrıca qiymətləndirilməlidir.
Məsələnin başqa tərəfi isə tədris ilinin iyunun ortalarına qədər davam etməsidir. İyunun ilk yarısında Azərbaycanda hava temperaturu artıq yüksəlməyə başlayır. Xüsusilə kondisioner və digər uyğun iqlimləndirmə sistemi olmayan siniflərdə isti hava uşaqların rahatlığına təsir göstərə bilər.
Həmçinin onu da qeyd edək ki, sentyabrın ilk günləri ilə ayın ortası arasında hava şəraitində müəyyən dəyişikliklər baş verə bilər. Uşaqlar bir tərəfdən yay istisindən çıxır, digər tərəfdən səhər və axşam saatlarında havanın nisbətən sərinləşməsi ilə qarşılaşırlar.
Məktəbə qayıdış isə uşaqların böyük kollektivlərdə yenidən bir araya gəlməsi deməkdir. Bu dövrdə uşaqların gündəlik rejiminin dəyişməsi, yuxu müddətinin azalması, qidalanmanın nizamsızlaşması və mövsümi hava dəyişiklikləri ilə birlikdə infeksiyaların yayılması kimi məsələlər də valideynlərin diqqətində olur.
Sevinc


