Elm və təhsil naziri Emin Əmrullayev son günlər keçirdiyi mətbuat konfransında pedaqoji ixtisaslar üzrə qəbul planlarının azaldılması məsələsinə toxunub.
Nazir bildirib ki, bu qərarın əsas səbəbləri arasında əmək bazarında pedaqoji ixtisaslı kadrların sayının kifayət qədər olması və ölkədə demoqrafik göstəricilərin dəyişməsi dayanır.
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, son illər ümumilikdə pedaqoji yönümlü ixtisaslar üzrə plan yerlərinin sayı azaldılır:
“Bunun əsas səbəblərindən biri əmək bazarında pedaqoji ixtisaslar üzrə kifayət qədər ixtisaslı kadrların olmasıdır. Hər il müəllimlərin işə qəbulu imtahanında təxminən 50-60 min namizəd iştirak edir. Onların yalnız 6-7 min nəfəri vakant yerləri tuta bilir. Məsələn, təkcə bu il təxminən 6 min namizəd müvafiq vakant yerlər üzrə işlə təmin olunub. Halbuki müsabiqədə iştirak edən namizədlərin sayı bundan dəfələrlə çox olub.
Bununla paralel olaraq, gələcəyə yönəlmiş proseslərə nəzər saldıqda, ümumi ali təhsil müəssisələrində plan yerlərinin mövcud demoqrafik vəziyyət, məşğulluq məsələləri və digər amillər nəzərə alınmaqla təsdiq edildiyini görürük”.

Ekspertin dediyinə görə, son illər təbii artımın aşağı düşməsi də diqqət çəkir:
“Demoqrafik göstəricilər dünyaya gələn uşaqların sayının azaldığını göstərir. Bu isə qarşıdakı illərdə pedaqoji ixtisaslar üzrə plan yerlərinin daha da azaldılması ilə nəticələnə bilər. Məsələn, uşaqların sayının azalması ilk növbədə məktəbəqədər təhsil istiqamətində kadr tələbatının azalmasına səbəb ola bilər. Ardınca ibtidai təhsil pilləsində ibtidai sinif müəllimlərinə, daha sonra isə yuxarı təhsil pilləsində fənn müəllimlərinə olan tələbatın azalması mümkündür. Gələcəyə yönəlmiş baxış zamanı bu prosesləri indidən proqnozlaşdırmaq mümkündür.
Bu il 124 min uşaq birinci sinfə gedib. Statistik göstəricilərə nəzər saldıqda, uşaqların sayında azalma müşahidə olunur. Bu tendensiya gələcəkdə həm məktəblərin bağlanmasına, həm də müvafiq olaraq pedaqoji ixtisaslar üzrə plan yerlərinin azaldılmasına gətirib çıxara bilər”.
Mütəxəssis əlavə edib ki, gələcəyə yönəlmiş digər mühüm məsələ isə süni intellektin pedaqoji ixtisaslara mümkün təsiridir:
“Gələcəkdə süni intellekt vasitələrinin pedaqoji ixtisasların bəzilərinin aktuallığını itirməsinə və ya müəyyən istiqamətləri əvəz etməsinə səbəb olması mümkündür. Əmək bazarında pedaqoji ixtisaslar üzrə kifayət qədər məzunun olması, demoqrafik göstəricilər və mövcud reallıqlar - ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə plan yerlərinin azaldılmasına təsir göstərən əsas amillər sırasındadır”.
Sevinc

