Suraxanı rayonunun Hövsan qəsəbəsində, "1 saylı Zeytun sovxozu" adlanan ərazidə sakinlərin öz vəsaitləri hesabına inşa etdiyi tikili Dövlət Əmlak Xidməti tərəfindən sökülüb.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazi 2011-ci ildə zibillik olub. Onların müraciətindən sonra həmin sahə icra hakimiyyəti tərəfindən təmizlənib və burada xeyir-şər evinin tikiləcəyi bildirilib.
Sakinlərin iddiasına görə, illər keçməsinə baxmayaraq, ərazidə tikinti ilə bağlı heç bir iş görülməyib. Buna görə də onlar icra hakimiyyətindən razılıq aldıqdan sonra öz vəsaitləri hesabına tikintiyə başlayıblar. Lakin işlərə başlanıldıqdan sonra Dövlət Əmlak Xidmətinin əməkdaşları əraziyə gələrək tikilini söküblər.
Şikayətçilər bildirirlər ki, tikintinin qanunsuz olduğu onlara əvvəlcədən bildirilməyib, sənədləri qaydasına salmaq üçün möhlət istəsələr də, bu, nəzərə alınmayıb.


