Cəfəri qiymətlərində kəskin artım – SƏBƏB

İQTİSADİYYAT
17:00 / 14.09.2026
213

Payız mövsümünün gəlişi ilə yerli bazarlarda göyərti qiymətlərində gözə çarpan artım müşahid olunur. 

Əsasən mətbəxdə və qış üçün bağlanan bankalarda geniş istifadə olunan cəfərinin qiyməti son günlər pik həddə çatıb. 

Hit.az-ın əməkdaşı bu dəfə bazarda cəfəri qiymətləri ilə maraqlanıb.

Bazarlarda alıcılara təqdim olunan cəfərinin bir dəstəsinin qiyməti minimum 20 qəpikdən başlayır. Dəstələrin həcmi və keyfiyyəti artdıqca təklif olunan məbləğ də sürətlə yüksəlir. Böyük ölçülü və daha təravətli cəfəri dəstələri 80 qəpik, eləcə də 1 manat civarında satılır. Bəzi piştaxtalarda isə daha iri bağlamaların qiyməti 1 manat 50 qəpik və 1 manat 80 qəpiyə qədər qalxır. Hətta xüsusi seçilmiş böyük dəstələrin qiymətinin 2 manata çatdığı hallar da az deyil. Günlük tələbat mallarından olan göyərtinin bu cür kəskin bahalaşması alıcılar arasında narazılığa səbəb olur. 

Satıcılar isə qiymət artımının əsas səbəbini mövsümi amillərlə izah edirlər. Hazırda evlərdə qışa hazırlıq məqsədilə müxtəlif şorabaların və turşuların bağlanması mövsümüdür. Bankalarda bağlanan şorabalarda cəfəridən bol miqdarda istifadə edilməsi bu göyərtiyə olan tələbatı dəfələrlə artırıb. Tələbatın belə yüksəlməsi də təklifin azalmasına və nəticədə qiymətlərin kəskin yüksəlməsinə gətirib çıxarıb. 

Alıcılar məcburən az miqdarda almaqla kifayətlənsələr də, qış tədarükü görənlər yüksək qiymətlə barışmalı olurlar. Bazarlardakı satıcılar mövsümün pik nöqtəsi keçdikdən sonra qiymətlərin yenidən sabitləşəcəyini ehtimal edirlər. Növbəti həftələrdə tələbatın azalması ilə cəfərinin qiymətinin əvvəlki mülayim səviyyəyə enəcəyi gözlənilir.

Pərviz Şimşək

0