“İnsan niyə istirahətə və tətilə ehtiyac duyur? Çünki biz robot deyilik”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, beyin, bədən və emosional sistemimiz gün ərzində davamlı olaraq işləyir:
“İş, ailə, uşaqlar, münasibətlər, məsuliyyətlər, qərarlar, problemlər… İnsan bəzən fiziki olaraq oturur, amma zehni olaraq hələ də işləməyə davam edir. Ona görə də istirahət sadəcə yatmaq və ya bir neçə gün işə getməmək deyil. İstirahət beynə “indi hər şeyi həll etməli deyiləm” mesajını verməkdir.
Gündəlik həyatın içində biz çoxlu qərarlar veririk, problemləri həll edirik, plan qururuq, başqalarının ehtiyaclarına cavab veririk və daim nəyisə nəzarətdə saxlamağa çalışırıq. Bütün bunlar psixoloji resurs tələb edir”.
Ekspert qeyd edib ki, insan bir müddət sonra sadəcə fiziki yox, emosional və zehni olaraq da yorulur:
“Elə buna görə bəzən heç ağır fiziki iş görmədiyimiz halda “çox yorulmuşam” deyirik. Çünki yorğunluq yalnız bədənin yorulması deyil. Tətilin burada xüsusi rolu var. Gündəlik istirahət bizi gün ərzində və ya həftə ərzində bərpa etməyə kömək edir, amma uzun müddət eyni məsuliyyətlərin içində qalanda daha uzunmüddətli fasiləyə ehtiyac yaranır. Tətil insanı bir müddət gündəlik rejimdən, davamlı qərarlardan və “çatdırmalıyam” düşüncəsindən uzaqlaşdırır.
Mühitin dəyişməsi, yeni yerlər görmək, daha az məsuliyyət daşımaq və özünə vaxt ayırmaq beynin davamlı gərginlik rejimindən çıxmasına kömək edir. Bəzən insan deyir: “İndi tətilə çıxsam, işlərim qalacaq.” Amma paradoks budur ki, bəzən məhz istirahət etmədiyimiz üçün işləri əvvəlki keyfiyyətlə görə bilmirik. Çünki yorulmuş beyin daha tez yorulur, diqqəti toplamaq çətinləşir, qərar vermək ağırlaşır, yaradıcılıq azalır və insan daha tez qıcıqlanır”.
Həmsöhbətimiz əlavə edib ki, əvvəllər çox da problem olmayan bir şey birdən-birə dözülməz görünür:
“Uşağın adi davranışı əsəbiləşdirir, yaxın insanın bir sözü ağır gəlir, işə başlamaq belə böyük yük kimi hiss olunur. Bu zaman insan özünü “səbrsiz”, “tənbəl”, “motivasiyasız” və ya “heç nədən zövq almayan” biri kimi qiymətləndirə bilər. Halbuki bəzən məsələ xarakter deyil, tükənmiş resurslardır. Psixoloji resurs azaldıqca insanın emosiyalarını tənzimləmək qabiliyyəti də zəifləyə bilər. Yəni əvvəl rahatlıqla idarə etdiyin bir vəziyyəti artıq daha çətin idarə edirsən.
Biz gün ərzində o qədər informasiya qəbul edirik, o qədər qərar veririk və o qədər məsələ haqqında düşünürük ki, beynin bunları “yerbəyer etməyə” də ehtiyacı olur. Ona görə bəzən bir məsələ haqqında saatlarla düşündükdən sonra cavab tapa bilmirik, amma gəzməyə çıxanda, yatanda və ya bir müddət fikrimizi yayındıranda həll birdən ağlımıza gəlir. Çünki beynə fasilə vermiş oluruq”.
Psixoloqun sözlərinə görə, tətilin başqa bir psixoloji təsiri də insanın özünü yenidən eşitməsidir:
“Gündəlik həyatın sürətində biz çox vaxt “Mən nə istəyirəm?”, “Mən necə hiss edirəm?”, “Məni nə yorur?”, “Həyatımda nəyi dəyişmək istəyirəm?” kimi sualları eşitməyə vaxt tapmırıq. Tətil zamanı isə həmin daxili səs daha çox eşidilə bilər. Bəzən insan tətilə gedəndə ilk günlər heç nə etmək istəmir. Bu da normaldır.
Çünki bədən nəhayət dayanmağa icazə alır və insanın həqiqi yorğunluğu məhz onda üzə çıxa bilir. Əgər insan uzun müddət nə gündəlik istirahət edir, nə də vaxtaşırı daha uzun fasilə verir, zamanla stress yığıla bilər. Yuxu pozula, diqqət və motivasiya azala, əsəbilik və səbirsizlik arta, münasibətlərdə gərginlik yarana və əvvəllər zövq verən şeylər belə yorucu görünə bilər. İnsan daim “bir az da dözüm, bunu da bitirim, sonra istirahət edərəm” deyə bilər. Amma o “sonra” bəzən heç gəlmir”.
Ülviyyə Ağazadə vurğulayıb ki, ona görə istirahət yalnız artıq tükənəndə ehtiyac duyduğumuz bir şey deyil:
“İstirahət tükənmənin qarşısını almaq üçün də lazımdır. Gündəlik istirahət özümüzü hər gün bərpa etməkdir, tətil isə daha uzun müddət yığılmış psixoloji və fiziki gərginlikdən uzaqlaşıb yenidən toparlanmaqdır. Məncə, ən vacib məqam budur: istirahət həyatın dayanması deyil.
Əksinə, həyatın sağlam şəkildə davam edə bilməsi üçün özünə verdiyin fasilədir. Sən istirahəti yalnız çox işlədiyin üçün haqq etmirsən. Sən sadəcə insan olduğun üçün istirahətə ehtiyac duyursan”.
Pərviz



