Unun topdansatış qiyməti niyə bahalaşıb?

İQTİSADİYYAT
16:01 / 14.09.2026
171

Azərbaycanda unun topdansatış qiymətində son aylarda artım qeydə alınıb. 

Belə ki, ölkəmizdə unun topdansatış qiymətində 50 kiloqramlıq un kisəsində 20 qəpiklə - 1 manat arasında artım qeydə alınıb. Bu dəyişiklik xüsusilə çörək və un məmulatlarının maya dəyərinin yenidən gündəmə gəlməsinə səbəb olub.

Ümumiyyətlə, Azərbaycanda unun qiymətinin bahalaşmasına səbəb nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətində 20 qəpikdən 1 manat 10 qəpiyə qədər artımın baş verməsini bir səbəblə izah etmək mümkün deyil: 

“Burada əsas məsələ unun hazırlanmasında istifadə olunan buğdanın qiyməti, daxili bazarda taxılın təklifi, idxal xərcləri və un istehsalçılarının digər məsrəfləridir. Azərbaycan taxıl istehsalını artırmaq istiqamətində ciddi addımlar atsa da, daxili istehsal ölkənin bütün tələbatını, xüsusilə də çörək istehsalı üçün tələb olunan keyfiyyətli buğdaya olan ehtiyacı tam qarşılamır. 

Buna görə də un dəyirmanlarının idxal olunan buğdadan asılılığı qalır. Xaricdən alınan buğdanın qiymətində dəyişiklik baş verdikdə, bu, müəyyən vaxtdan sonra unun maya dəyərinə və nəticədə topdansatış qiymətinə keçir. Xüsusilə Rusiya və Qara dəniz regionundakı taxıl bazarında baş verən proseslər Azərbaycan üçün əhəmiyyətlidir”.

409720

Ekspert bildirib ki, buğdanın alış qiyməti ilə yanaşı, daşınma, sığorta, liman və digər logistika xərcləri də son qiymətə təsir edir:

“Regional bazarda hər hansı bahalaşma və ya logistika xərclərinin yüksəlməsi idxal olunan buğdanın Azərbaycana çatdırılma qiymətini artıra bilər. Bundan başqa, unun qiymətini yalnız buğdanın qiyməti müəyyən etmir. Dəyirmanların elektrik enerjisi və qaz xərcləri, əməkhaqqı, avadanlıqların saxlanılması, qablaşdırma, anbarlama və nəqliyyat xərcləri də unun maya dəyərinə daxil olur. Bu xərclərdə artım varsa, istehsalçı müəyyən müddətdən sonra həmin artımı məhsulun qiymətinə keçirməyə çalışır.

Burada mövsümi faktor da nəzərə alınmalıdır. Yeni taxıl məhsulunun bazara daxil olması, əvvəlki ilin ehtiyatlarının azalması, yeni məhsulun keyfiyyəti və bazara çıxarılma tempi unun qiymətinə təsir göstərə bilər. Yəni bazarda buğdanın fiziki həcminin kifayət qədər olması avtomatik olaraq unun ucuzlaşacağı anlamına gəlmir. Əsas məsələ tələb olunan keyfiyyətdə buğdanın hansı qiymətə əldə edilməsidir”.

Onun sözlərinə görə, 50 kiloqramlıq kisədə 20 qəpikdən 1 manat 10 qəpiyə qədər artım ilk baxışda böyük görünə bilər, amma bunu kiloqramla hesablamaq lazımdır:

“1 manat 10 qəpiklik artım 1 kiloqram unun qiymətinə təxminən 2,2 qəpik əlavə edir. Buna görə bu artımın özü çörəyin qiymətinin eyni həcmdə artırılması üçün əsas sayıla bilməz. Çörəyin maya dəyərində un mühüm yer tutur, lakin əməkhaqqı, enerji, maya, nəqliyyat, qablaşdırma və digər xərclər də qiymətə təsir edir.

Digər tərəfdən, 50 kiloqramlıq kisədə artımın müxtəlif satıcılarda 20 qəpiklə 1 manat 10 qəpik arasında dəyişməsi də mühüm məqamdır. Bu, bazarda vahid qiymət artımından daha çox, müxtəlif təchizatçıların, əvvəlki ehtiyatların alış qiymətlərinin və ticarət marjalarının fərqli olduğunu göstərir. Ona görə də bazardakı bir neçə topdansatış məntəqəsinin qiymətinə əsasən ümumi və kəskin bahalaşma nəticəsinə gəlmək düzgün olmaz”.

A.Nəsirli hesab edir ki, əsas məsələ bundan sonra buğdanın və unun qiymətinin hansı istiqamətdə hərəkət edəcəyidir: 

“Əgər artım xammalın mövsümi qiymət dəyişməsi ilə bağlıdırsa, müəyyən müddətdən sonra sabitləşmə mümkündür. İdxal buğdasının qiymətində və logistika xərclərində davamlı yüksəliş varsa, bu halda unun qiymətindəki artım daha uzunmüddətli ola bilər. Məncə, bu vəziyyət Azərbaycanda taxıl siyasətinin əsas problemini də göstərir. Ölkənin sadəcə daha çox buğda istehsal etməsi kifayət deyil. 

Əsas hədəf hektardan məhsuldarlığın artırılması, çörəklik buğdanın keyfiyyətinin yüksəldilməsi, suvarma imkanlarının yaxşılaşdırılması, fermerin maya xərclərinin azaldılması və məhsulun bazara daha səmərəli çıxarılması olmalıdır”.

İqtisadçı diqqətə çatdırıb ki, əks halda daxili istehsal müəyyən qədər artsa belə, keyfiyyətli buğda üzrə idxaldan asılılıq davam edəcək və xarici bazarlardakı dəyişikliklər Azərbaycanda unun qiymətinə təsir göstərəcək:

“Bu səbəbdən hazırkı bahalaşmanı yalnız “dəyirmanlar qiyməti qaldırıb” kimi izah etmək doğru deyil. Daha real yanaşma budur ki, xammalın qiyməti, idxal və logistika, istehsal xərcləri və bazardakı təklif-tələb vəziyyəti birlikdə unun topdansatış qiymətinə təsir göstərir. Burada ən vacib göstərici isə yaxın aylarda buğdanın alış qiymətinin və un istehsalçılarının real maya dəyərinin necə dəyişəcəyidir”.

Sevinc

0