Süni intellekt artıq bir çox insan üçün sadəcə məlumat əldə etmək vasitəsi deyil, gündəlik qərarların müzakirə edildiyi bir “məsləhətçi”yə çevrilib.
İnsanlar sağlamlıqdan münasibətlərə, iş və maliyyə məsələlərindən şəxsi problemlərə qədər müxtəlif mövzularda süni intellektə müraciət edirlər. Bəs həyatımızla bağlı demək olar ki, hər məsələni süni intellektlə məsləhətləşmək nə dərəcədə doğrudur və şəxsi məlumatların belə sistemlərlə paylaşılması hansı riskləri yarada bilər?
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Hit.az-a açıqlamasında deyib ki, son illərdə süni intellekt həyatımızın müxtəlif sahələrinə sürətlə daxil olaraq gündəlik vərdişlərimizi, düşüncə tərzimizi və insanlarla münasibətlərimizi dəyişməyə başlayıb:
"Texnologiyanın yaratdığı imkanlar genişləndikcə onun insan davranışına təsiri ilə bağlı suallar da artır. Xüsusilə sosial münasibətlərin zəifləməsi, canlı ünsiyyətin azalması və insanların emosional ehtiyaclarını texnologiya vasitəsilə qarşılamağa başlaması diqqət çəkən tendensiyalardandır.
Bu gün bir çox insan vaxtının böyük hissəsini smartfon, kompüter və müxtəlif süni intellekt tətbiqləri ilə keçirir. Əvvəllər insanların həvəslə qatıldığı canlı görüşlər, dost məclisləri, ailə söhbətləri və hətta toy kimi sosial tədbirlər belə bəzi hallarda əvvəlki marağını itirib. İnsanlar bir araya gəlsələr də, diqqətlərinin əhəmiyyətli hissəsini telefon ekranına yönəldir, sosial şəbəkələrdə vaxt keçirir, süni intellekt tətbiqlərindən istifadə edir və virtual ünsiyyətə üstünlük verirlər".

Ekspert qeyd edib ki, süni intellektin həyatımıza gətirdiyi imkanları inkar etmək mümkün deyil:
"O, məlumat axtarışından təhsilə, elmi araşdırmalardan yaradıcılığa qədər bir çox istiqamətdə insanlara ciddi kömək göstərə bilir. Lakin texnologiyanın imkanları genişləndikcə onun insan münasibətlərinə və milli-mədəni dəyərlərə təsiri də ayrıca müzakirə olunmalıdır.
Bu məsələ xüsusilə Azərbaycan cəmiyyəti üçün düşündürücüdür. Çünki süni intellekt sistemləri əsasən müxtəlif ölkələrdə formalaşmış böyük informasiya resurslarından istifadə edir. Bu resursların əhəmiyyətli hissəsini ingilisdilli, rusdilli, türkdilli və digər xarici mənbələr təşkil edir. Buna görə də süni intellektdən alınan məlumatların Azərbaycan cəmiyyətinin tarixi, milli-mədəni xüsusiyyətləri və sosial reallıqları ilə nə dərəcədə uyğunlaşdığı məsələsinə diqqət yetirmək vacibdir".
Onun sözlərinə görə, insan və texnologiya münasibətlərinin doğurduğu narahatlıqlar yeni deyil:
"Hələ ötən əsrdə Azərbaycan ədəbiyyatında elmi-fantastik əsərlər yazan müəlliflər insan, robot, avtomatlaşma və cansız texnologiya arasındakı münasibətlərə diqqət çəkirdilər. Həmin əsərlərdə texnologiyanın inkişafının insan həyatını asanlaşdırmaqla yanaşı, müəyyən təhlükələr də yarada biləcəyi barədə fikirlər öz əksini tapırdı. Bu gün həmin suallar artıq fantastika çərçivəsindən çıxaraq real həyatın bir hissəsinə çevrilib.
Əsas narahatlıq texnologiyanın mövcudluğu deyil, insanın ona həddindən artıq bağlanmasıdır. İnsan öz qərarlarını, münasibətlərini, emosional ehtiyaclarını və hətta şəxsi problemlərini daim süni intellektlə müzakirə etməyə başladıqda canlı ünsiyyət tədricən arxa plana keçə bilər. Halbuki dostluq, sevgi, ailə münasibətləri, böyüyə hörmət, valideynə bağlılıq və cəmiyyət qarşısında məsuliyyət kimi dəyərlər yalnız informasiya mübadiləsi ilə formalaşmır. Bu münasibətlərin əsasında insanın emosiyası, təcrübəsi və canlı ünsiyyəti dayanır.
Digər tərəfdən, süni intellekt insanı tam əvəz edən mexanizm kimi qəbul edilməməlidir. O, böyük həcmdə məlumatı emal edə, müxtəlif mövzularda cavablar təqdim edə və müəyyən işləri sürətləndirə bilər. Lakin insanın emosional təcrübəsini, vicdanını, şəxsi məsuliyyətini və mənəvi dəyərlərini eyni şəkildə əvəz etmək mümkün deyil".
Həmsöhbətimiz onu da əlavə edib ki, son illərdə insanların bir-birinə bənzəmək meylinin artması da texnologiyanın yaratdığı sosial dəyişikliklərlə birlikdə müzakirə olunur:
"Eyni telefon modellərinə, avtomobillərə, geyimlərə və zahiri görünüşə marağın artması, sosial şəbəkələrdə eyni davranış və ifadələrin təkrarlanması fərdiliyin zəifləməsi ilə bağlı suallar yaradır. Virtual mühitdə populyarlaşan davranış modelləri real həyata da təsir edir və insanları bir-birinin ardınca eyni nümunələri təkrarlamağa sövq edə bilir.
Bununla yanaşı, süni intellektdən istifadə zamanı şəxsi məlumatların qorunması məsələsi də xüsusi əhəmiyyət daşıyır. İnsan öz şəxsi həyatı, ailəsi, iş fəaliyyəti, maliyyə vəziyyəti və digər həssas məlumatlarla bağlı hər bir detalı düşünmədən texnoloji sistemlərlə paylaşmamalıdır. Rəqəmsal mühitdə paylaşılmış məlumatların gələcəkdə hansı formada istifadə oluna biləcəyi hər zaman əvvəlcədən məlum olmur.
Bütün bunlara baxmayaraq, süni intellektdən və texnologiyadan uzaqlaşmaq real seçim deyil. Texnoloji inkişaf davam edəcək və bu prosesin qarşısını almaq mümkün deyil. Əsas məsələ texnologiyanı rədd etmək yox, onun yaratdığı imkanlardan düzgün istifadə etməyi və mənfi təsirlərinə qarşı müəyyən immunitet formalaşdırmağı öyrənməkdir".
A. X. Əbilov vurğulayıb ki, bu immunitet həm fərdi, həm də ictimai səviyyədə formalaşdırılmalıdır:
"Cəmiyyət texnologiyanın yaratdığı problemləri açıq şəkildə müzakirə etməli, alimlərin, ziyalıların, media nümayəndələrinin, psixoloqların, sosioloqların və texnologiya mütəxəssislərinin iştirakı ilə sağlam ictimai polemika aparılmalıdır. Məqsəd yeniliyə qarşı çıxmaq deyil, yeniliyin insan və cəmiyyət üçün təhlükə yarada biləcək istiqamətlərini vaxtında müəyyənləşdirmək olmalıdır.
Azərbaycanın bu sahədə öz elmi və intellektual potensialını gücləndirməsinə də ehtiyac var. Süni intellekt, avtomatlaşma və internet texnologiyalarının sosial təsirlərini araşdıran layihələrə, elmi tədqiqatlara və startaplara dəstək verilməsi mühüm addımlardan biri ola bilər. Dövlət və özəl sektor tərəfindən bu istiqamətdə qrant proqramlarının və tədqiqat imkanlarının genişləndirilməsi yerli mütəxəssislərin yeni texnologiyaların yaratdığı imkan və riskləri daha dərindən araşdırmasına şərait yarada bilər".
Mütəxəssisin fikrincə, Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri texnologiya ilə milli-mənəvi dəyərlər arasında sağlam tarazlıq yaratmaqdır:
"Süni intellektin inkişafını dayandırmaq mümkün deyil və buna ehtiyac da yoxdur. Lakin texnoloji tərəqqi insanı insan edən dəyərləri zəiflətməməli, əksinə, insanın imkanlarını genişləndirən vasitəyə çevrilməlidir.
Bu baxımdan Azərbaycanda süni intellektin yalnız texniki deyil, həm də sosial, psixoloji, mədəni və milli aspektlərini araşdıran layihələrə daha ciddi yanaşmaq zəruridir. Beynəlxalq təcrübə öyrənilməklə yanaşı, Azərbaycan insanının düşüncə tərzini, milli-mədəni xüsusiyyətlərini və cəmiyyətin real ehtiyaclarını nəzərə alan yanaşmalar formalaşdırılmalıdır. Əks halda, texnologiyanın sürətli inkişafı ilə ayaqlaşsaq da, onun insan həyatına və cəmiyyətə təsirlərini idarə etməkdə gecikə bilərik".
Sevinc


