“İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir”.
Bunu Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlətimizin başçısı İslam dininə qarşı yönəlmiş fəaliyyətlərin məqsədyönlü siyasət olduğunu qeyd edib:
“Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!”
Beləliklə, Prezident İlham Əliyev bir daha dünyada gedən islamofobiya proseslərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlətimizin başçısının bu çıxışı olduqca əhəmiyyətlidir.
İlahiyyatçı Tural İrfan son illərdə Qərb ölkələrində islamafobiyanın artması barədə Hit.az-a açıqlama verib. O bildirib ki, Qərbdə son dövrlərdə İslam aləminə qarşı səlibçi təfəkkürdə olan dairələrin geniş mübarizə aparır:

“Həqiqətən də, bu, cənab Prezidentin dediyi kimi, elan olunmamış müharibə şəklindədir. Bu proses əsasən 1990-cı illərin sonlarından başlayıb. Sovet hökumətinin və dövlətinin tam süqutundan sonra bu, daha bariz şəkildə özünü göstərib. Bu, ilk növbədə ərəb dünyasına qarşı, ikinci mərhələdə isə ümumilikdə İslam dünyasına qarşı yönəlmiş bir prosesdir.
Bunu orta əsrlərdən fərqli formatda səlib yürüşü adlandırmaq olar. Həmin dövrdə qılınc və qalxanla müharibə aparılırdısa, indiki dövrdə bu müharibə fərqli üsullarla həyata keçirilir. Çünki söhbət dövlətlərarası müharibədən deyil, dinə qarşı müharibədən gedir. İslam dininin dünyada 2 milyarda yaxın təmsilçisi olduğuna görə, bu müharibə açıq şəkildə elan edilmiş formada aparıla bilməz. Buna görə də Qərb dünyasının müəyyən dairələri müxtəlif adlar altında bu mübarizəni davam etdirirlər”.
Ekspert qeyd edib ki, bir çox müsəlman ölkəsinə qarşı açıq-aşkar təcavüzlər və işğallar baş verir:
“Buna Əfqanıstan, İraq, hazırda isə İran və digər dövlətlərə qarşı həyata keçirilən prosesləri nümunə göstərmək olar. Eyni zamanda, mədəniyyətlərarası müharibə də gedir. Bu qarşıdurma elan olunmamış şəkildə və müxtəlif adlar altında həyata keçirilir. İslam dünyada mədəniyyətin və mənəviyyatın tərkib hissəsidir. Bu dinə və onun mənsublarına qarşı da mübarizə davam edir.
Müəyyən şəraitlər yaradılır, təhlükəli vasitələrdən istifadə olunaraq İslam dünyasında Qərb dairələrinin öz əli ilə müəyyən radikal və ekstremist qruplar yaradılır. Sonra həmin qruplar silahlandırılır və terrorçu təşkilatlara çevrilir. Bundan sonra isə İslam terrorla əlaqələndirilərək terror görüntüsü yaradılır və həmin ölkələrə, xalqlara və mədəni irsə qarşı müharibə, vandalizm aktları başlayır”.
İlahiyyatçı hesab edir ki, bunu müasir dövrdə və müasir üsullarla aparılan Qərb dünyasının İslam aləminə qarşı səlib yürüşü hesab etmək olar:
“Biz də İslam dünyasının və İslam coğrafiyasının bir hissəsi olaraq bu yürüşdən əziyyət çəkənlərdənik. Vaxtilə ölkəmizin bir hissəsinin, Qarabağın işğal olunması prosesində də bu elementləri açıq şəkildə gördük. Orada dini abidələrimiz, məscidlərimiz təhqir olunurdu. Qərb dünyası isə buna göz yumur və bir növ bu işğala şərait yaradırdı. Bu da həmin yanaşmanın bariz nümunələrindən biri ola bilər.
Bu baxımdan, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının birləşməsi, ortaq irsimizin, mədəniyyətimizin və dinimizin bu yürüşlərdən, elan olunmamış müharibənin fəsadlarından qorunması vacibdir. Bizim soy birliyimiz var və siyasi müstəvidə də bu dövlətlər artıq təşkilatlanıb və birləşiblər. Biz öz xalqımızın və millətimizin dinini, milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, bütün müsəlmanların dinini, inancını və ortaq dəyərlərini də qorumuş oluruq”.
T. İrfan diqqətə çatdırıb ki, Qərbdə baş verən müxtəlif islamofobiya halları, Quranın və müqəddəs kitabların təhqir olunması, müsəlmanların məhrumiyyətlərə düçar edilməsi və digər bu kimi hallar belə bir hücumun mövcud olduğunu göstərir:
“Bu hücumların qarşısında dayanmaq, mədəniyyətimizi, dinimizi, inancımızı, birliyimizi və vəhdətimizi qorumaq üçün ilk növbədə birlik vacib amildir. Cənab Prezidentin bu çağırışı, mövqeyi və bəyanatı çox vacib və əhəmiyyətlidir. Bu mövqe İslam dininin və Quranın prinsiplərinə, eyni zamanda dünyəvi və beynəlxalq hüquqa, beynəlxalq prinsiplərə tamamilə uyğundur.
Bu, sülhə və sabitliyə aparan yolun başlanğıc nöqtəsidir. Birləşərək, heç kimə təcavüz etmədən və heç kimə qarşı aqressiya göstərmədən, özümüzə, öz coğrafiyamıza, əhalimizə, mənəvi, milli və dini dəyərlərimizə qarşı olan hücumların qarşısında dayanmaq, mədəniyyətimizi, dinimizi və irsimizi qorumaq üçün birləşməli və bu dəyərləri birlikdə qoruyub mühafizə etməliyik”.
Sevinc


