Bir vaxtlar uşaqların təhlükəsizliyi deyəndə valideynin ağlına küçə, məktəb, yad insan və ya evdə baş verə biləcək hadisələr gəlirdi.
İndi isə uşağın otağında, əlindəki telefonda və planşetdə görünməyən başqa bir dünya var. Uşaq fiziki olaraq evdən çıxmadan tanımadığı insanlarla ünsiyyətə girə, yaşına uyğun olmayan məzmunla qarşılaşa, müxtəlif çağırışların təsiri altına düşə və nə baş verdiyini valideynindən gizlədə bilər.
Azərbaycanda son günlər "Roblox" platforması ilə bağlı azyaşlının ölümü ətrafında yayılan məlumatlar bu məsələyə yenidən diqqət çəkib. Baş Prokurorluğun açıqlamasına görə, araşdırma zamanı yeniyetmənin "Roblox" platformasında qarşılaşdığı zərərli məzmun və çağırışların onun psixoloji vəziyyətinə mənfi təsir göstərməsi ehtimalı da araşdırılır.
Onu da qeyd edək ki, Ombudsman da uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı 2026-cı ildə ayrıca çağırış edib. Azərbaycanda "Roblox" və digər riskli oyunların tamamilə qadağan edilməsi məsələsi zamanla müzakirəyə çıxarılıb. Amma bunun üçün hansı meyarla oyunun “təhlükəli” elan ediləcəyi, qərarın kim tərəfindən veriləcəyi və qadağanın necə texniki icra olunacağı da müəyyənləşdirilməlidir.
Çünki internetdə bir tətbiqi telefondan silmək asandır, uşağın onu başqa yolla əldə etməsinin qarşısını almaq isə tamam başqa məsələdir.
Ona görə də bu hadisə yalnız “Roblox qadağan edilsin, ya edilməsin?” sualı ilə yekunlaşmamalıdır.
Ümumiyyətlə, uşağın rəqəmsal dünyada təhlükəsizliyi onun telefonunu əlindən almaqla həll olunan məsələ deyil. Əsas məsələ uşağın internetdə qarşılaşdığı təhlükəni tanıması və hansı məqamda böyüyə müraciət etməli olduğunu bilməsidir. Valideyn övladının hansı oyunlara və platformalara daxil olduğunu bilməli, lakin nəzarəti daim təzyiq formasına çevirməməlidir.
Uşağa tanımadığı insanlarla virtual ünsiyyətin, şəxsi məlumatların paylaşılmasının və şübhəli çağırışların mümkün nəticələri sadə dillə izah edilməlidir. Eyni zamanda yaş məhdudiyyətləri və valideyn nəzarəti imkanlarından istifadə olunaraq uşağın qarşısına çıxan məzmun mümkün qədər təhlükəsiz çərçivədə saxlanmalıdır. Çünki rəqəmsal mühitdə uşağı qorumağın ən güclü yolu qadağadan əvvəl ona təhlükəni görməyi və vaxtında kömək istəməyi öyrətməkdir.
Sevinc


