Ölkəmizdə son illərdə psixologiya sahəsi xeyli inkişaf edib.
Artıq bu sahəyə əvvəlki kimi tənqidlə yanaşanların sayı azalıb. Hətta psixoloqa müraciət etmək yavaş-yavaş normal qəbul olunmağa başlayır. Bu isə psixoloqların da sayının artmasına gətirib çıxarır. Nəticədə, psixoloqlar çoxaldıqca fərqli seans qiymətləri ortaya çıxır. Hazırda çox ucuz, normal və ya çox yüksək qiymətə pasiyent qəbul edən psixoloqlar var.
Bəs psixoloqların seans qiyməti nəyə əsasən müəyyən olunur?
Mövzu ilə bağlı psixoloq İlhamə Mustafayeva Hit.az-a açıqlama verib.
O bildirib ki, psixoloqların xidmət qiymətini təyin etməsi bir neçə əsas amildən asılıdır:
“Birincisi, təcrübə və pasiyent bazasıdır. Qiymət artımı ilk növbədə mütəxəssisin iş təcrübəsi və pasiyent bazası ilə təyin olunur. Məsələn, 10-12 il ərzində fəaliyyət göstərən, zəngin pasiyent bazası toplayan və tanınan psixoloq öz xidmətini ucuz qiymətə təklif etmir. Çünki onu tanıyanlar onsuz da yüksək qiymətə müraciət etməyə hazırdırlar. Eyni zamanda, bəzi psixoloqların seans otaqlarında bahalı əşyalardan istifadə olunur, psixoloq bahalı həyat yaşayır. Bu da qiymətə təsir edir”.
Ekspert qeyd edib ki, ikinci səbəb isə manipulyativ qiymət siyasətidir:
“Bəzən fərqli bir yanaşma ilə də qarşılaşırıq. Bəzi psixoloqlar cəmiyyətdəki “baha qiymət keyfiyyətli mütəxəssis” deməkdir stereotipindən istifadə edərək süni qiymət artımına əl atırlar. Təəssüf ki, baha qiymət təyin etmələrinə baxmayaraq, pasiyentə lazımi köməyi göstərə bilməyən mütəxəssislərə də rast gəlinir.
Üçüncü səbəb də hədəf auditoriyasının maddiyyat səviyyəsidir. Yəni psixoloqların qiymət siyasəti onların hansı sosial təbəqə ilə işləməsindən də asılıdır. Aşağı və ya orta gəlirli təbəqəyə xidmət edən psixoloqlar yüksək qiymət qoya bilmirlər. Yuxarı gəlir qrupuna müraciət edənlər isə bilir ki, bu təbəqənin insanları daha baha xidmətlərə üstünlük verirlər və qiymətləri buna uyğun tənzimləyirlər”.
Psixoloq əlavə edib ki, qiymətlərin baha olmasına təsir edən başqa bir amil isə psixoloqun şəxsi resurslarıdır:
“Bəzi mütəxəssislərin əlavə biznesi və ya şəxsi mərkəzi olduğu üçün onların bu sahədən böyük gəlir əldə etmək ehtiyacı olmaya bilər. Belə psixoloqlar az sayda pasiyent qəbul edərək enerjilərini qorumağa çalışır və öz əməklərini daha yüksək qiymətləndirirlər. Yəni psixoloqların qiymət təyini vahid standartlara əsaslanmır, hər bir mütəxəssisin iş prinsiplərinə və bazar yanaşmasına görə fərqlənir”.
Pərviz



