Ermənistandan Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi ilə bağlı daha bir açıqlama gəlib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib ki, rəsmi İrəvan hələ də Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verməyib.
Ermənistan yenə də vaxt uzatmağa çalışır?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Kənan Novruzov bildirib ki, Ani Badalyanın dediyi fikirlər tamamilə absurddur:
"Nəinki onun, ümumiyyətlə Ermənistanı təmsil edən rəsmi şəxslərin bir çoxunun fikirləri absurddur. Nəzərə almaq lazımdır ki, qalib tərəf hansısa təkliflə çıxış edə bilər. Ermənistan isə məğlub tərəf kimi qalib Azərbaycanın təkliflərini qəbul etməlidir. Onlar, əlavə təkliflər də irəli sürə bilməz. Şübhəsiz ki, İrəvan hakimiyyəti də bunu başa düşür".
Ekspert qeyd edib ki, bu cür ifadələr isə daha çox həm daxili, həm də xarici ictimai rəyə hesablanır:
"Xüsusilə də daxildə özlərinin də söz sahibi olduqlarını göstərmək istəyirlər. Həmçinin, beynəlxalq ictimaiyyətə də özlərini sülhpərvər kimi qələmə verməyə çalışırlar".
Kənan Novruzov əlavə edib ki, əslində Ermənistanın Baş naziri Nikol Paşinyan ağıllı siyasətçidir:
"O, ictimai rəylə işləməyi bacarır. Paşinyan da bilir ki, indi sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Hətta onun sülh müqaviləsi istiqamətində müəyyən addımlar atdığını da düşünürəm. Sadəcə olaraq, Ermənistan hakimiyyətinə mane olan qüvvələr var. Onlar, erməni diasporu, daxildəki separatçılar və Qərbdir. Xüsusilə də Fransanı burada qeyd etmək lazımdır".
Pərviz