Alimlər: Kişilər partnyorun xarici görünüşünü qadınlardan daha sərt qiymətləndirir

MARAQLI
23:51 / 15.09.2026
40

Qadınlar kişilərin xarici görünüşünü düşünüldüyündən daha az sərt qiymətləndirirlər — ən azı partnyora qoyulan tələblərin aşağı həddindən söhbət gedəndə. Bu qənaətə Norveç Təbiət və Texnologiya Elmləri Universitetinin (NTNU) Psixologiya fakültəsinin tədqiqatçısı Marius Stavangın rəhbərlik etdiyi qrup gəlib. 

HİT.az xəbər verir ki, araşdırmanın ilkin nəticələri “Open Science Framework” platformasında dərc olunub.

Alimlər yaşı 18-60 arasında olan 1182 norveçlini sorğuya cəlb ediblər. İştirakçılar zəka və yetkinlikdən tutmuş fiziki cəlbediciliyə qədər 18 xüsusiyyət üzrə potensial partnyor üçün özləri üçün məqbul hesab etdikləri minimum səviyyəni müəyyənləşdiriblər. Məlumatlar subay insanlar haqqında sənədli filmin hazırlanması zamanı toplanıb. Tədqiqatda hər iki cinsin nümayəndələrinin iştirak etməsi kişilər və qadınların standartlarını birbaşa müqayisə etməyə imkan verib.

Araşdırmaya görə, qadın iştirakçılar kişinin bədən quruluşuna qarşı sərt tələblər irəli sürməyiblər. Onların 35 faizi kişinin orta göstəricidən daha arıq olmasının vacib olmadığını bildirib, 23 faizi atletik bədən quruluşunu mütləq şərt sayıb, qalan 42 faiz isə aralıq variantı seçib.

Boyla bağlı tələblər də yüksək olmayıb. Qadınların yalnız 5 faizi partnyorunun boyunun ən azı 183 santimetr olmasını tələb edib. Eyni zamanda, iştirakçıların 85 faizi boyu 178 santimetrdən aşağı olan namizədi qəbul edə biləcəyini bildirib. Müqayisə üçün, Norveç Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə yetkin norveçlinin orta boyu 180,9 santimetr olub. Bu isə qadınların əksəriyyətinin tələblərinin ölkə üzrə orta göstəriciyə demək olar ki, uyğun gəldiyini göstərir.

Gözlənilmədən boy məsələsində daha tələbkar tərəf kişilər olub. Sorğuda iştirak edən kişilərin yarısı partnyor üçün orta göstəricidən yüksək boyu zəruri minimum hesab edib. Qadınlarda isə bu göstərici cəmi 35 faiz təşkil edib. Əgər fiziki cəlbediciliyə dair yalnız aşağı hədlər nəzərə alınarsa, daha seçici tərəfin məhz kişilər olduğu ortaya çıxır.

2020-ci ildə həmin universitetin tədqiqatçıları “Psychological Science” jurnalında 45 mədəniyyətdən 14 mindən çox insanın iştirak etdiyi sorğunun nəticələrini dərc ediblər. Nəticələr uzun müddətdir müzakirə olunan gender fərqini təsdiqləyib: kişilər xarici görünüşə daha çox əhəmiyyət verirlər.

Qadınların daha tələbkar olması ilə bağlı ümumi təsəvvürlə bu araşdırmanın nəticələri arasındakı fərq metodologiya ilə izah oluna bilər. Belə ki, respondentlərdən partnyorun ideal xüsusiyyətləri deyil, insanın hansı məqamda görüşə getməyə razı olacağı barədə soruşulub. Üstünlük verilən xüsusiyyətlər və qəbul edilə bilən minimum hədd çox vaxt bir-birindən əhəmiyyətli dərəcədə fərqli nəticələr ortaya çıxarır.

Samir

0