Azərbaycanın TDT-dəki rolu: “Əsas hərəkətverici qüvvələrindən biridir”

SİYASƏT
13:15 / 18.05.2026
217

“Türk Dövlətləri Təşkilatı (TDT) artıq dünyada söz və nüfuz sahibidir”.

Bu sözləri Azad Vətən Partiyasının sədr müavini, siyasi ekspert Afiq Axundov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbyacanın Türk Dövlətləri Təşkilatındakı rolu və əhəmiyyəti çox böyükdür:


“Azərbaycanın Türk Dövlətləri Təşkilatında rolu sadəcə bir üzvlük statusu deyil. Ölkəmiz həm də regionun geosiyasi, iqtisadi və mədəni xəritəsini yenidən formalaşdıran əsas dövlətlərdən biridir. Faktiki olaraq, Azərbaycan türk dünyasının coğrafi və mənəvi qovşağı, TDT-nin isə əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Yəni Azərbaycanın bu təşkilatdakı unikal rolu danılmazdır”.

Ekspert qeyd edib ki, Azərbaycan türk dünyasının şərqi ilə qərbi arasında təbii bir coğrafi körpüdür:
“Limanlar, dəmir yolları, Orta Dəhliz, tezliklə açılacaq Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyəti çox böyükdür. Xüsusilə Zəngəzur dəhlizinin açılması hədəfi türk dünyasının quru yolları ilə fiziki olaraq birləşməsi deməkdir. Azərbaycan öz gücü ilə sübut etdi ki, türk dövlətləri öz milli maraqlarını qorumağa və regionda yeni reallıqlar diktə etməyə qadirdir. 

Bundan əlavə, ölkəmiz həm də Mərkəzi Asiyadakı qardaş respublikaların dünya bazarlarına çıxışı üçün ən təhlükəsiz və qısa tranzit qapısıdır. Əlbəttə ki, Azərbaycanın bu strateji üstünlükləri ümumilikdə Türk Dövlətləri Təşkilatının iqtisadi gücünü olduqca artırır”.

Siyasətçi vurğulayıb ki, Azərbaycan təkcə özünün deyil, bütövlükdə regionun və Avropanın enerji xəritəsini dəyişən ölkədir:
“TANAP və TAP kimi layihələri xüsusi qeyd etmək lazımdır. Bundan əlavə, Şuşa Bəyannaməsi və Qarabağın bərpasında qardaş ölkələrin iştirakı, təşkilatdaxili siyasi-hərbi etimadın ən yüksək zirvəsidir. Hazırda Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas və istiqamətverici ölkələrindən biridir. 


Ölkəmizin uğurlu addımları bu təşkilatın qlobal gücə çevrilməsinə gətirib çıxaracaq. TDT-yə üzv ölkələrin liderlərinin mütəmadi şəkildə rəsmi və ya qeyri-rəsmi Zirvə görüşləri keçirməsi də olduqca mühümdür. Bu, türk dövlətləri arasında əlaqələrin ən yüksək səviyyədə qalmasına səbəb olur. Üstəlik, hər Zirvədə önəmli qərarların da qəbul edildiyini unutmaq olmaz”.

Afiq Axundov onu da əlavə edib ki, son illərdə türk dövlətləri arasında vətəndaş cəmiyyətlərinin görüşlərinin keçirilməsi də çox müsbət addımdır:
“Məsələn, 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan və 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumları keçirilib. Yəni ardıcıl 4 il QHT-lərin əməkdaşlıq forumları təşkil olunub. 

Ötən ilin noyabr ayında da Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Bakı və Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının I Həmrəylik Forumu keçirilib. Bu il mayın 16-da isə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu təşkil olunub.

Təbii ki, bütün bunlar türk dövlətləri arasındakı QHT-lərinin bir-birini daha yaxından tanımasına və birgə fəaliyyət göstərməsinə şərait yaradır. Sözügedən təşəbbüslər türk coğrafiyasının vətəndaş cəmiyyəti institutlarını vahid platformada birləşdirməklə yanaşı, ortaq hədəflərə doğru birlikdə addımlamaq üçün yeni və dinamik bir stimul olacaq”.

Elmir Mustafa

0