ABŞ alimləri şüa terapiyasının bəzi hallarda yaratdığı immunosupressiv təsirin qarşısını almaq üçün yeni üsul müəyyən ediblər. Siçanlar üzərində aparılan təcrübələrdə TET2 zülalının bloklanması immun hüceyrələrinin şişi qorumaq əvəzinə ona qarşı mübarizə aparmasına şərait yaradıb.
HİT.az xəbər verir ki, bu barədə Çikaqo Universitetinin tədqiqatçılarının Cancer Cell jurnalında dərc olunan araşdırmasında bildirilir.
Şüa terapiyası xərçəng hüceyrələrinin DNT-sinə zərər vuraraq onların məhv edilməsinə kömək edir. Lakin bu müalicə eyni zamanda sümük iliyində miyeloid supressor hüceyrələrin (MCK) yaranmasını da stimullaşdıra bilər. Həmin hüceyrələr şişə qarşı mübarizədə mühüm rol oynayan CD8+ T-limfositlərin fəaliyyətini zəiflədir. Tədqiqatçıların sözlərinə görə, şüa terapiyasından sonra bu hüceyrələrin səviyyəsinin artması xəstələrdə daha qısa sağqalma müddəti və metastaz riskinin yüksəlməsi ilə əlaqələndirilir.
Alimlər ağciyər xərçənginin IV mərhələsində olan 33 xəstənin qan nümunələrini araşdırıblar. Məlum olub ki, şüalanmadan sonra supressor hüceyrələrdə TET2 zülalının səviyyəsi yüksəlir. Xüsusilə müalicəyə müsbət cavab verməyən xəstələrdə bu artım daha nəzərəçarpan olub.
Araşdırma zamanı müəyyən edilib ki, şüalanma əvvəlcə p53 zülalını aktivləşdirir, bu isə öz növbəsində TET2-nin fəaliyyətini işə salır. Nəticədə immun hüceyrələrinin xərçəngə qarşı reaksiyasını tənzimləyən mexanizmlər dəyişir və onlar şişlə mübarizə aparmaq əvəzinə immun sisteminin fəaliyyətini zəiflədir.
Siçanlar üzərində aparılan təcrübələrdə TET2 zülalının miyeloid hüceyrələrdən çıxarılması şişlərin böyüməsini ləngidib, heyvanların ömrünü uzadıb, ağciyərlərdə metastazların sayını və ölçüsünü azaldıb. Tədqiqatçılar həmçinin TET2-ni bloklayan eksperimental preparatı sınaqdan keçiriblər. Şüa terapiyası ilə birlikdə tətbiq edilən preparat şişlərin inkişafını və metastazların yayılmasını zəiflədib. İmmunoterapiya ilə birgə istifadəsi isə xərçəngə qarşı immun reaksiyanı gücləndirib.
Alimlər hesab edirlər ki, TET2 zülalının bloklanması xərçəng hüceyrələrinin müalicəyə davamlılığını aradan qaldırmaq üçün yeni imkanlar yarada bilər. Bununla belə, nəticələr hələlik əsasən heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır. Metodun insanlarda təhlükəsizliyi və effektivliyi əlavə klinik tədqiqatlarla yoxlanılmalıdır.
Samir


