“Türk Dövlətləri Təşkilatının nüfuzu və beynəlxalq çəkisi getdikcə artır. İnkarolunmaz reallıqdır ki, Azərbaycan Qarabağ zəfərindən sonra xarici siyasətinin yeni prioritetlərini müəyyənləşdirdi”.
Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu prioritetlər çərçivəsində Türk Dövlətləri Təşkilatının xüsusi çəkisi və əhəmiyyəti var:
“Dövlət başçımız Azərbaycanın xarici siyasət istiqamətlərini olduqca konkret və düzgün müəyyənləşdirib. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında həmrəyliyin, əməkdaşlığın və koordinasiyalı siyasətin həyata keçirilməsinin vacibliyi və əhəmiyyəti cənab Prezident İlham Əliyevin hər bir çıxışında və fəaliyyətində özünü aydın şəkildə göstərir.
Türk dünyası və Qafqaz böyük, vahid və strateji əhəmiyyət kəsb edən coğrafiyadır. Türk Dövlətləri Təşkilatının üzvü olan yeganə Qafqaz ölkəsi Azərbaycandır. Cənab Prezident İlham Əliyevin bu fikri səsləndirməsi, əslində, Azərbaycanın Türk dünyasında malik olduğu unikal mövqeyə diqqət çəkir”.
Ekspert qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat və enerji imkanları, eyni zamanda müxtəlif Türk dövlətləri ilə formalaşdırdığı strateji münasibətlər bu prosesə əlavə dinamika qatır:
“Azərbaycan yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, humanitar və enerji əlaqələrinin genişlənməsinə də mühüm töhfə verir. Nəqliyyat və kommunikasiyaların əhəmiyyətinin getdikcə artdığı bir dönəmdə Orta Dəhliz boyunca həyata keçirilən layihələr Mərkəzi Asiya ilə Cənubi Qafqazın yaxınlaşmasını daha da zəruri edir.
Şübhəsiz ki, bu iki regionun Türkiyə ilə birlikdə daha sıx əlaqələndirilməsi qarşıda daha geniş əməkdaşlıq platformalarının formalaşmasına imkan yaradır. Bu platformaların yaradılması xalqları bir-birinə daha sıx bağlayacaq.
Digər mühüm məqamlardan biri Türk dövlətləri arasında həmrəylik anlayışının praktiki müstəviyə keçməsi və konkret əməkdaşlıq mexanizmləri ilə tamamlanmasıdır. Azərbaycan Liderinin atdığı addımlar bu istiqamətdə mühüm nəticələrin əldə olunmasına şərait yaradıb”.
Politoloq vurğulayıb ki, cənab Prezident İlham Əliyev həmçinin sözügedən regionlara və müxtəlif platformalara daxil olan ölkələrin dövlət başçıları arasında şəxsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verən Liderlərdən biridir:
“Bunun nəticəsində qarşılıqlı siyasi dəstək, iqtisadi əməkdaşlıq və digər konkret istiqamətlərdə dövlətlərin bir-birinə daha sıx dəstəyinin şahidi oluruq. Bu isə üçüncü tərəflərlə münasibətlərdə, bir tərəfdən, koordinasiyalı və qarşılıqlı mövqedən çıxış etməyi zəruri etdiyi halda, digər tərəfdən, Türk dövlətləri qarşısında yeni imkanlar və perspektivlər açır.
Azərbaycan Türk dünyasında oynadığı mühüm rol ilə Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında mühüm əlaqələndirici aktor qismində çıxış edir. Türk dövlətlərinin yaxınlaşması yalnız mədəni birlik məsələsi deyil. Bu, eyni zamanda qarşılıqlı iqtisadi maraqların, regional bağlantıların və uzunmüddətli əməkdaşlıq imkanlarının genişləndirilməsi prosesidir.
Bu proses, şübhəsiz ki, gələcək nəsillərin öz soy-kökündən və tarixi-mədəni irsindən uzaq düşməməsinə də mühüm töhfə verəcək. Başqa sözlə, bu gün atılan addımlar Türk dünyasının gələcəyinə hesablanmış və gələcək nəsillər üçün yol göstərən strateji irs formalaşdırır”.
Elmir Mustafa



