Deputat: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri gündən-günə möhkəmlənir”

SİYASƏT
14:30 / 12.10.2026
368

“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri gündən-günə möhkəmlənir və münasibətlər yaxşılaşır”. 

Bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın region ölkələri ilə münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisədir:


“Dövlət rəhbərimizin Türkmənistanda keçirdiyi görüşlər və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakı Azərbaycanın regionda artan siyasi və iqtisadi rolunun göstəricisidir. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə münasibətləri nəinki yalnız ikitərəfli müstəvidə, həm də çoxşaxəli regional əməkdaşlıq formatında da inkişaf etdirir.

Cənab İlham Əliyevin Türkmənistanda Mərkəzi Asiya dövlət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın region ölkələri ilə əməkdaşlığının daha da genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlər zamanı regional əməkdaşlığın, nəqliyyat və logistika əlaqələrinin, enerji təhlükəsizliyinin, investisiyaların, ticarət əlaqələrinin və qarşılıqlı iqtisadi tərəfdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirə olunması Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin nə qədər geniş və strateji xarakter daşıdığını göstərir”.

Millət vəkili vurğulayıb ki, görüşlər həm də Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı etimadın və birgə fəaliyyət imkanlarının daha da möhkəmləndirilməsi baxımından mühüm platformadır:
“Azərbaycanın həyata keçirdiyi böyük infrastrukturlu layihələr - Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu və avtomobil yolları ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat bağlantısına çevrilməsinə imkan verir. Türkmənbaşı limanı ilə Azərbaycan üzərindən keçən marşrutların inkişafı Orta Dəhlizin imkanlarını daha da genişləndirir.

Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ticarət, investisiya, sənaye, logistika və nəqliyyat sahələrində əlaqələrini sürətlə genişləndirir. Artıq münasibətlər yalnız məhsul mübadiləsi ilə məhdudlaşmır; qarşılıqlı investisiyalar, birgə müəssisələrin yaradılması və istehsal zəncirinin formalaşdırılması üçün imkanlar artır".

Həmsöhbətimiz əlavə edib ki, ölkəmiz və Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir:

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı ölkəmizin siyasi nüfuzunun artmasına, iqtisadi imkanlarının genişlənməsinə və yeni nəqliyyat-kommunikasiya əlaqələrinin formalaşmasına xidmət edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması, respublikamızda bu ölkələrin kapitalı ilə 400-dən çox şirkətin aktiv şəkildə fəaliyyət göstərməsi, son illərdə Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə birgə investisiya fondlarının yaradılması münasibətlərin inkişafının aydın ifadəsidir”.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri yalnız iki ölkə arasında əlaqələrin inkişafı baxımından deyil, həm də Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin formalaşması baxımından mühüm siyasi hadisədir:
“Dövlət başçısının keçirdiyi görüşlər və məşvərət görüşündə iştirakı Azərbaycanın regional proseslərdə fəal və təşəbbüskar mövqeyini bir daha ortaya qoyur. Sözsüz ki, Orta Asiya ilə münasibətlərin gündən-günə yaxşılaşması Azərbaycanın milli mənafelərinə uyğundur və xalqımızın gələcəyi, iqtisadi inkişafı baxımından çox əhəmiyyətlidir”.

Elmir Mustafa

0