“Renault”un ikonik “Espace” modeli tam elektrikli versiya ilə QAYIDIR

AVTO
17:00 / 09.10.2026
226

Fransanın nəhəng avtomobil istehsalçısı “Renault” krossover və SUV modellərinin yüksəlişi fonunda kölgədə qalan miniven seqmentinə yeni “E-Space” konsepti ilə iddialı qayıdış edir. 

Hit.az xəbər verir ki, şirkət markanın 1984-cü ildə yollara çıxardığı əfsanəvi birinci nəsil “Espace” irsini sıfır emissiya vizyonu ilə modern dövrə uyğunlaşdırıb.

Orijinal modelin bucaqlı xətlərini geniş U formalı rəqəmsal işıq zolağı ilə birləşdirən “E-Space” konsepti 4 700 millimetrlik gövdə uzunluğuna malikdir. Avtomobilin xarici görünüşündə tətbiq edilən rəqəmsal yan güzgülər, gizli qapı dəstəkləri və demək olar ki, 360 dərəcəlik panoramik şüşələnmə sahəsi onun gələcəyə yönəlik konseptual quruluşunu ön plana çıxarır.

Hələlik texniki göstəriciləri və interyer tərtibatı gizli saxlanılan konsept avtomobil oktyabrın 12-də Paris Avtosalonu çərçivəsində rəsmən dünya ictimaiyyətinə təqdim olunacaq.

Şirkət rəsmiləri bu elektrikli ailə avtomobilinin hal-hazırda konsept mərhələsində olduğunu, lakin seriyalı istehsala buraxılacağı təqdirdə brendin “Futuready” strategiyası ilə tam üst-üstə düşəcəyini bildirirlər.

Pərviz

0