Muradiyədə suyun səsi: Yolumuzda başqa bir hekayə...

KÖŞƏ YAZILARI
12:19 / 09.10.2026
193

Vandan Ağrıya doğru yolumuz davam edərkən növbəti dayanacağımız Muradiyə şəlaləsi oldu. 

Şərqi Anadolunun sərt və möhtəşəm təbiəti arasında yerləşən bu şəlalə mənim üçün yol boyu gördüyümüz mənzərələrdən tamamilə fərqli bir atmosfer yaratdı. Medianı müşayiət edən bələdçimiz Ramazan Çeliktürk Muradiyə şəlaləsi haqqında bizə bilgi verdi:

“Van şəhər mərkəzindən təxminən 8 kilometr məsafədə, Muradiyə rayonunun ərazisində yerləşir. Şəlalə Tendürək dağından qidalanan Bend-i Mahi çayının üzərində formalaşıb və hündürlüyü təxminən 50 metrdir. Şəlalənin adı da tarixi keçmişi ilə bağlıdır".

Məlumata görə, adını Bağdad səfərinə çıxan Osmanlı sultanı IV Muraddan alıb və hər fəsildə fərqli görkəm alır. Yaz aylarında ətrafdakı rəngarəng çiçəklər mənzərəyə xüsusi gözəllik qatır. Yayda isə şəlalənin ətrafında sərin hava hiss olunur. Qışda tamamilə mənzərəsi dəyişir – donan sular buz kristallarına çevrilərək şəlaləyə fərqli görüntü verir.

50 metrlik su axını
Əsasən Muradiyə şəlaləsinin əsas özəlliyi yalnız hündürlüyündə deyil. Burda əsl mənzərəni yaradan Bend-i Mahi çayının güclü axınıdır. Su qayalıqların arasından aşağı doğru böyük gurultu ilə tökülür. Biz  bu möhtəşəm  şəlaləyə yaxınlaşdıqca suyun səsi daha aydın eşidilir. İstər hündürlükdən, istərsə də çaya tökülən hissəsini yaxından seyr edərkən ətrafdakı təbiətin sakitliyi ilə bu səs xüsusi bir ahəng yaradır.

Burada insanın diqqətini ilk cəlb edən məhz suyun böyük ərazini tutma gücüdür. Muradiyədə bir müddət dayandıqda anlayırsan ki, buranı yalnız görmək yox, həm də dinləmək lazımdır.

Suyun qayalara çırpılması ilə yaranan səs ətrafdakı sakitliklə birləşir. Təbiətin yaratdığı bu təbii musiqi insana qəribə bir rahatlıq verir.Şəlalənin aşağı hissəsinə yaxınlaşdıqca isə sərinlik daha çox hiss olunur. Xüsusilə isti yay günlərində bu sərinlik yolçular üçün xoş bir fasiləyə gələnlərə xoş ab-hava verir. 

Bizim üçün Muradiyə şəlaləsi sadəcə yolüstü dayanacaq olmadı. Vandan Ağrıya uzanan səfərin təbiətlə bağlı ən yaddaqalan məqamlarından birinə çevrildi. Şərqi Anadolunu yalnız tarixi abidələri, qədim şəhərləri və mədəni irsi ilə tanımaq mümkün deyil. 

Bu coğrafiyanın başqa bir üzü də dağları, çayları, şəlalələri və insanı öz qarşısında heyran qoyan təbiətidir. Muradiyə şəlaləsi isə həmin təbiətin ən gur səslənən nümunələrindən biridir.

Gülnarə Əmirqızı

0