Psixoloqdan həmin düşüncəyə REAKSİYA

SAĞLAMLIQ
15:30 / 09.10.2026
196

“Təəssüf ki, cəmiyyətdə boşanmış xanımların psixoloq olmasına münasibət münasibət birmənalı deyil. Hətta bəzən “özü boşanıb, başqalarına ailədən danışır” kimi sözlər deyirlər”.

Bunu psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında söyləyib.

O bildirib ki, boşanan qadının psixoloq olması barəsində deyilənlər cəmiyyətin qadın həyatındakı dəyişikliklərə verdiyi stereotipik reaksiyalardan biridir:


“Əslində, boşanmaqla psixoloq olmaq arasında səbəb-nəticə əlaqəsi yoxdur. İnsan psixologiyaya müxtəlif səbəblərlə gələ bilər. Misal üçün, bu sahəyə marağı ola, insan davranışlarını anlamaq istəyə, bununla bağlı təhsil ala, ixtisaslaşa və peşəkar fəaliyyət qura bilər. Onun ailə vəziyyəti isə, sözsüz ki, peşəkar bacarığın əsas göstəricisi deyil. Lakin burada başqa bir maraqlı məqam var ki, bəzi insanlar şəxsi həyatında çətin təcrübə keçdikdən sonra psixologiyaya daha böyük maraq göstərə bilərlər. Çünki insan bəzən öz yaşadığı hadisələrdən sonra münasibətləri, emosiyaları, sərhədləri və insan davranışlarını daha dərindən anlamaq istəyir.  


Ancaq şəxsi təcrübə təkbaşına psixoloq olmaq üçün kifayət etmir. Sözsüz ki, psixologiya elə bir elmdir ki, bu, yalnız şəxsi təcrübəyə dayanan bir situasiya deyil. Burada mütaliə etmək, özünü inkişaf etdirmək, bunun təhsilini almaq, oxumaq lazımdır. Çünki psixologiya təhsilini almaq üçün 4 il universitet oxunulur. Yəni mütləq dərəcədə ixtisaslaşmaq, təkmilləşmək lazımdır. Bunun üçün təhsil, peşəkar hazırlıq, etik sərhədlər, superviziya və davamlı inkişaf mütləq dərəcədə önəmlidir”.

Ekspert qeyd edib ki, cəmiyyətdə ən çox müzakirə olunan məsələ isə özü boşanmış qadının ailə haqqında danışması və ya psixoloq olmasıdır:
“Bununla bağlı sosial şəbəkələrdə də mütəmadi şəkildə rəylər yazılır. Mən burada çox sadə bir sual vermək istərdim: gərək insan hansısa peşənin sahibi olmaq üçün həyatında heç vaxt çətinlik yaşamamalıdır? Əgər bir şəxs psixoloq olacaqsa, boşanmağı onun ailə haqqında danışmağının önünə keçir? Ailə bir evin daxilində iki şəxsin yaşaması deməkdirmi? Bir insan çaba verirsə, qarşıdakı insan o çabanı qarşılıqsız qoyursa, bu, əslində günahın bir tərəfdə olması demək deyil. 

Əlbəttə ki, burada təkcə xanımı yükləməməlidirlər, hər iki tərəfdə də bir səbəb-nəticə araşdırılmalıdır. Əgər ailə psixoloqunun və yaxud psixoloqun mütləq ideal ailə həyatı olmalıdırsa, onda depressiyanı yaşamış psixoloq depressiya haqqında, narahatlıq keçirmiş psixoloq narahatlıq haqqında, travma yaşamış psixoloq da travma haqqında danışa bilməz? Təbii ki, bu belə deyil”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, psixoloqun şəxsi həyatı ilə onun peşəkar işə yanaşmasını, kompetensiyasını bir-biri ilə qarışdırmaq olmaz: 
“Bu, doğru deyil. Boşanmış olmaq insana psixologiya üzrə avtomatik üstünlük vermədiyi kimi, onu bu sahədə yararsız da etmir. Hətta bəzən şəxsi təcrübə mütəxəssisə müəyyən insan hisslərini daha yaxşı anlamağa kömək edə bilir. Amma burada çox mühüm bir sərhəd var: psixoloq öz hekayəsini pasiyentin hekayəsinin yerinə qoymamalıdır. “Mən də bunu yaşamışam, deməli, sənin problemini bilirəm” kimi yanaşma olmamalıdır. Əsl peşəkarlıq “Mən bunu yaşamışam” deməkdən daha çox, “Sənin hekayən mənim hekayəmdən fərqlidir, mən səni anlayıram” deyə bilməkdir.  

Əfsuslar olsun ki, boşanmış qadınlara qarşı müəyyən ikili standartlar da olur. Məsələn, boşanmış kişinin öz sahəsində uğur qazanması çox vaxt onun ailə vəziyyəti ilə əlaqələndirilmir. Lakin boşanmış qadın psixoloq olanda dərhal “Özü ailəsini qoruya bilmədi, başqasına ancaq məsləhət verir” deyilir. Halbuki psixoloqun vəzifəsi insanların yerinə ailəni qorumaq deyil.

Psixoloq insanların münasibətlərini daha sağlam şəkildə anlamağa, ünsiyyət qurmağa, sərhəd qoymağa, konflikti idarə etməyə, öz qərarını daha şüurlu verməyə, yaşadığı hekayə ilə üzləşməyə, duyğularının, hisslərinin fərqində olmağa, öz fərqindəliyini yaratmağa kömək edir".

Nabat Mirzəyevanın sözlərinə görə, bəzən ən sağlam qərar münasibəti davam etdirmək deyil, onu bitirmək də ola bilər:

"Yəni psixoloqun vəzifəsi hər evliliyi nəyin bahasına olursa-olsun qorumaq deyil. Psixoloqun hər nə olursa-olsun ailəsini qorumaq kimi öhdəliyi yoxdur. Çünki ailə birtərəfli deyil, ikitərəfli qorunur. Əsas sual “bu qadın boşanıb, yoxsa yox?” olmamalıdır. Önəmli olan həmin şəxsin təhsili, peşəkar hazırlığı, etikası, təcrübəsi, müraciət etdiyi insanlara yanaşması və kontingentə necə müraciət etməsidir.

Çünki ailə vəziyyəti diplom deyil. Sözsüz ki, bu peşədə boşanmaq da bu peşədə qüsur sayılmır. Yəni boşanmış qadının ailə psixoloqu olmasını sorğulamaqdan əvvəl onun diplomunu, hazırlığını, peşəkarlığını nəzərdən keçirməliyik. Unutmamalıyıq ki, insanın ailə vəziyyəti onun psixologiya biliklərinin ölçü vahidi deyil”.

Pərviz

0