İnsan həyatının müxtəlif mərhələlərində suallar, seçimlər və çətinliklərlə qarşılaşır.
Bəziləri bu məqamlarda inanca sığınır, bəziləri isə qərarlarını yalnız öz düşüncəsi və təcrübəsi əsasında verir. Bəs insanı inanmağa sövq edən nədir? Dini inanclar gündəlik həyatımıza, seçimlərimizə və insanlarla münasibətlərimizə necə təsir göstərir?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, məsələyə həm elmi, həm də dini baxımdan yanaşmaq mümkündür:
“Elmi yanaşmaya əsasən, qədim dövrlərdən insanlar təbiət hadisələri, qorxu və psixoloji təsirlər qarşısında özlərinə bir ümid və pənah yeri axtarıblar. Bu ehtiyac nəticəsində fövqəlbəşəri qüvvələrə, tanrılara və bəzən də müxtəlif təbiət obyektlərinə inanmağa başlayıblar. Dini yanaşmada isə, xüsusilə səmavi dinlərdə, Allahın bütün mövcudatı yaratdığına, kainatda baş verən proseslərin Onun iradəsi və hikməti ilə əlaqəli olduğuna inanılır.
Çətinliklərlə qarşılaşan insanların hadisələrə münasibəti də dünyagörüşlərindən asılı olaraq dəyişir. Elmi yanaşmanı əsas götürənlər problemlərin səbəblərini araşdırmağa, onların həlli yollarını ağıl və məntiqlə tapmağa çalışırlar. İnanclı insanlar isə bəzi hadisələri ilahi təqdir və hikmət çərçivəsində dəyərləndirirlər”.

Ekspertin fikrincə, elm və inanc arasında qarşıdurmadan daha çox, onların uzlaşdırılması imkanları üzərində düşünmək lazımdır:
“Tarixdə elmlə dini uzlaşdırmağa çalışan böyük İslam və Şərq filosofları yetişib. Onlar hər iki yanaşma arasında ortaq mövqe tapmağa çalışıblar. Platon və Aristotel kimi filosofların düşüncələrində də fəlsəfi axtarışlarla yanaşı, inancla əlaqəli məsələlərin təsirini görmək mümkündür. Elmin müəyyən suallara cavab verməkdə çətinlik çəkdiyi məqamlar ola bilər. Belə hallarda insanın inancı ona mənəvi dayaq və istiqamət verə bilər. Din alimləri arasında da elmlə inancın uzlaşdırılmasını dəstəkləyən yanaşmalar mövcuddur.
Müqəddəs kitablarda elmə, düşünməyə və dərk etməyə təşviq edən müddəalar var. Bu kimi məsələlərə kor-koranə inamla yanaşmaq düzgün deyil. İnsan həyatında ağıl və məntiq mühüm yer tutmalıdır. İnsanlara müqəddəs kitablardan əvvəl ağıl verildiyini xatırladan ekspert bildirib ki, insan qarşılaşdığı problemlərin həllində öz düşüncəsindən, biliyindən və məntiqindən istifadə etməlidir. Müqəddəs kitablar isə bu baxımdan insana istiqamət verən mənəvi mənbə kimi dəyərləndirilə bilər”.
T. İrfanın sözlərinə görə, gündəlik həyatda elmin və məntiqin dəqiq cavab təqdim edə bilmədiyi vəziyyətlər yarana bilər:
“Belə məqamlarda inanc insana təsəlli, psixoloji rahatlıq və həyata bağlılıq verə bilər. Dini inancın insanın mənəvi dünyasına və sosial həyatına təsirini də bu baxımdan qiymətləndirmək lazımdır. Din bəzi hallarda insanları intihar kimi ağır qərarlardan çəkindirir. Bununla belə, inancın cəmiyyətə müsbət təsir göstərməsi üçün onun xurafat və mövhumatdan fərqləndirilməsi vacibdir.
Əsas problemlərdən biri dini inancın zamanla müxtəlif xurafat elementləri ilə qarışdırılmasıdır. İslamda əsas prinsip Allaha inanmaq, Ona pərəstiş etmək və yalnız Ondan diləməkdir. Lakin sonrakı dövrlərdə bəzi insanlar bu inanc sisteminə peyğəmbərləri, imamları, pirləri, övliyaları, seyyidləri, hətta müxtəlif qayaları və daşları da əlavə ediblər. Nəticədə dini inancla xurafat bir-birinə qarışıb. İnsanlar inancdan istifadə etmək istəyirlərsə, onun əsas prinsiplərini düzgün anlamalı, dini mövhumatla eyniləşdirməməlidirlər”.
İlahiyyatçı əlavə edib ki, dini inancların məzhəbləşməsi və radikal yanaşmaların yayılması da insanların dinə münasibətinə təsir göstərir:
“Dini prinsipləri dəyərləndirərkən onların ilkin mənbələrinə müraciət etmək və sağlam, mötədil yanaşmanı əsas götürmək lazımdır. Xüsusilə İslam baxımından Qurani-Kərimin əsas prinsiplərini düzgün anlamaq, eyni zamanda elmə, ağla və məntiqə önəm vermək vacibdir. İnsan dini inancları həyatının yeganə qərarvermə vasitəsinə çevirməməli, elmi və dünyəvi yanaşmanı da kənara qoymamalıdır.
İnsan çətin vəziyyətlərlə qarşılaşanda nə sırf elmi və dünyəvi yanaşmanı kənara qoyaraq yalnız inancdan çıxış yolu axtarmalı, nə də dini inancı tamamilə rədd edərək bütün cavabları yalnız elmdə axtarmalıdır. Sağlam və mötədil inanc insanın mənəvi dünyasına dəstək ola bilər, elm isə hadisələri anlamağa və problemlərin həllinə kömək edir. Bu iki yanaşmadan düzgün istifadə etmək insanın həyatında müsbət istiqamət formalaşdıra bilər”.
Sevinc


